Dövlət Statistika Komitəsi makroiqtisadi hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 867,5 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda 11 faiz yüksəlib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manat göstərilir.
Sənaye müəssisələri və fərdi sahibkarların yanvar-may aylarında 34,9 milyard manatlıq, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox məhsul istehsal etdiyi vurğulanır: “Neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda 14,3 faiz artıb”.
Məlumata əsasən, yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, 2021-ci ilin eyni dövrünə nəzərən 3,2 faiz az vəsait yönəldilib, neft-qaz sektorunda investisiyalar 23,6 faiz azalıb, qeyri neft-qaz sektorunda 14,6 faiz artım rəsmiləşib.
Qeyd edilir ki, mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 701,3 min nəfər olub, onların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manata çatıb.