Baş Prokurorluğun 9 iyun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri cinayət məsuliyyətinə alınıb: “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazaxın Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəkinin Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri bilinib.
Qeyd edilən şəxslərin 2020-2022-ci illər ərzində torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı toplanmış sübutlarla 10 şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və digər qətimkan tədbirləri seçilib. Qanunsuz əməllərə yol vermiş digər vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq davam edir”.