Vəkil Aqil Layic Azərbaycanın məhkəmə sistemində sədrlik institutunun ləğvini təklif edir. Novator.az-ın məlumatına görə, o yazır ki, tez-tez mediada hansısa məhkəmə sədrinin vətəndaşların problemlərini dinlədiyi xəbər verilir: “Vətəndaşın məhkəmə ilə nə problemi ola bilər? Ancaq işinə düzgün baxılması. Bu işdə sədrin qanuni rolu nədir? Heç nə. Sədr ancaq inzibati təsnifatdır, ədalət mühakiməsi üzərində amirlik deyil.
Amma reallıq necədir? Sədr hər şeyi həll edir və hakimlərə göstəriş verir. Məhz bu səbəbdən sonda vətəndaşın problemini dinləməli olur.
Azərbaycanın məhkəmə sistemində sədrlik institutu ləğv edilməli və ya texniki-təsərrüfat-inzibati xarakterli bu vəzifənin icrası “ASAN xidmət”ə verilməlidir.
Bir çox halda ədalət sisteminə ən çox zərər vuran məhz sədrlər olur, təcrübə bunu göstərir. Sədrlərin məhkəmədə olan işlərlə bağlı vətəndaşları qəbul etməsi birbaşa hakim üzərində amirliyin göstəricisidir və absurddur. Demək olar ki, əksər məhkəmə sədrləri hakimlərə işçiləri kimi baxır. Hakimlərin qərarlarına ən çox müdaxilə edənlər də məhz sədrlərdir.
Bəzən məhkəmə sədrinin vətəndaşı qəbul etməsini elə pafosla yazırlar ki… Soruşan gərək, cənab sədr, sən hansı səlahiyyət daxilində fılan hakimdə olan işlə bağlı vətəndaşı dinləyirsən? Qanunda da birbaşa qeyd olunub ki, hakimdə olan işlə bağlı qəbul həyata keçirilməsi yolverilməzdir”.
Azərbaycan Konstitusiyasına görə, Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimlərini prezidentin təqdimatı ilə parlament təyin edir. Digər məhkəmələrin hakimlərinin, eləcə də bütün məhkəmələrin sədrlərinin təyinatı prezidentin səlahiyyətindədir.