London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu dövlət büdcəsinin icrası ilə bağlı replika yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, büdcənin icrası üzərində icra hakimiyyətinin, xüsusən də Maliyyə Nazirliyinin inhisarçı mövqeyi ildən ilə güclənir: “Maliyyə Nazirliyi büdcəni istədiyi kimi idarə edir, birdəfəlik təyinatlı (parlamentin bölüşdürmədiyi) xərcləri artırır, onların üzərində dominantlıq əsasında sərəncam verir, büdcəni aylar və rüblər üzrə qeyri-proporsional xərcləyir, heç bir əsaslandırma olmadan istədiyi dövlət təşkilatına subsidiya və ssudalar verir. Bir sözlə, Maliyyə Nazirliyi büdcə intizamını kobud şəkildə pozur, vəsaitləri qanunlardakı normaları gözləmədən xərcləyir, xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandığı hallar üzrə izahat vermir.
Qanunvericilikdə büdcə ssudalarının verilməsi ilə bağlı şərtlərin müəyyən edilməməsinə, eləcə də onun 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmamasına baxmayaraq Maliyyə Nazirliyi ötən ilin büdcəsindən bəzi dövlət orqanlarına 276,2 milyon manat məbləğində büdcə ssudası verib. Maliyyə Nazirliyinin bu qanunsuz əməlinin üstünü Hesablama Palatası açıb. Lakin Hesablama Palatası hər təşkilata nə qədər ssuda verildiyini bildirmir. Sadəcə palatanın rəyindən büdcə ssudası alan təşkilatların siyahısına Milli Aviasiya Akademiyasının başçılıq etdiyi görünür. Milli Aviasiya Akademiyasına ötən ilin büdcəsindən 12,9 milyon manat subsidiya, 2020-ci ilin büdcəsindən isə pandemiya üzrə dəstək proqramı çərçivəsində 15,5 milyon manat yardım verilib.
6 fakültəsi və 2 min ətrafında tələbəsi olan akademiyada bakalavrların illik təhsil haqqı 2000 manat, magistrlərin illik təhsil haqqı ixtisasdan asılı olaraq 2000-3000 manat, əcnəbi tələbələr üçün təhsil haqqı 6000 manatdır. Amma buna baxmayaraq Milli Aviasiya Akademiyasına büdcədən hər il on milyonlarla manat vəsait ayrılır”.