Siyasətçi Tofiq Yaqublu ata yurduna – Gürcüstana səfərinə icazə verilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə müraciət edib. Ərizə iyunun 3-də poçtla göndərilib.
Ədliyyə Nazirliyinə tabe probasiya qurumları şərti məhkum edilmiş şəxslər üzərində nəzarətə də məsuldur.
İyunun 6-da Novator.az-a danışan siyasətçi deyib ki, anasının ili yaxınlaşır: “Hələ də anamın məzarını ziyarət edə bilməmişəm. Anam 2021-ci il iyulun 11-də vəfat edib. O zaman ev dustağı idim. Dəfnə buraxılmağım üçün dövlət orqanlarına müraciətim nəticəsiz qaldı. Bundan sonra Suraxanı Rayon Məhkəməsinə üz tutub ölkədən çıxışıma icazə verilməsini istədim. Müraciət təmin edilmədi. İyulun 30-da qəbul olunan həmin qərar Ədliyyə Nazirliyinin ölkədən çıxışıma razılıq verməməyi ilə əsaslandırıldı. Qərardan şikayət verdim. Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi də Gürcüstana getməyimə icazə vermədi. Ali Məhkəməyə şikayətimə isə hələ də baxılmayıb”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu azadlıqdan şərti məhrumetmə cəzası çəkir.
1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.
Tofiq Yaqublu bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib. 2022-ci il aprelin 12-də Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.