Azərbaycan Respublikasında köklü hakimiyyət dəyişikliyinə gətirən 4 iyun qiyamından 29 il ötür.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrilib) sədrlik edən Əbülfəz Elçibəy (2000-ci ildə vəfat edib) 1992-ci il iyunun 7-də ölkə prezidenti seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü il iyunun 4-ü Gəncədən başlayan hərbi-siyasi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib, iyunun 15-də Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyev (2003-cü ildə vəfat edib) parlament sədri seçilib. İyunun 17-də Əbülfəz Elçibəy paytaxt Bakını tərk edərək Naxçıvan Muxtar Respublikasındakı ata yurduna köçüb. İyunun 24-də o, Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, prezident səlahiyyətləri Heydər Əliyevə ötürülüb, avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Yeni müstəqillik dövrünün ilk rəhbəri Ayaz Mütəllibovdur (2022-ci ildə vəfat edib).
1990-cu ilin yanvarından Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Ayaz Mütəllibov həmin ilin mayında parlamentin qərarı ilə, 1991-ci il sentyabrın 8-də ümumxalq səsverməsi ilə prezident seçilib.
1992-ci il martın 6-da Ayaz Mütəllibov istefa verib, prezident səlahiyyətlərini əvvəl Yaqub Məmmədov, mayın 18-dən iyunun 17-dək İsa Qəmbər icra edib.
1993-cü il iyunun 24-dən dövlət başçısı səlahiyyətlərinin icraçısı olan Heydər Əliyev oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də prezident seçilib.
2003-cü ildən Azərbaycana Heydər Əliyevin oğlu İlham Əliyev rəhbərlik edir. O, 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də prezident seçilib.
İlham Əliyev 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.
***
1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətində ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə olub. O, 1918-ci ildə bir müddət Azərbaycan Milli Şurasına sədrlik edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət başçısı postlarını bu şəxslər də tutub: Əlimərdan bəy Topçubaşov (parlament sədri), Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli (hər ikisi baş nazir).
Azərbaycan Sovet Sosialist Respublikasında ilk rəhbər Nəriman Nərimanov olub. O, 1920-1921-ci illərdə əvvəl İnqilab Komitəsinə, sonra Xalq Komissarları Sovetinə başçılıq edib.
1921-ci ildə Mərkəzi İcraiyyə Komitəsi yaradılıb və onun başında müxtəlif dövrlərdə Muxtar Hacıyev (1921-ci ildən), Səməd Ağamalıoğlu (1922-ci ildən), Sultanməcid Əfəndiyev (1929-cu ildən və 1931-ci ildən), Qəzənfər Musabəyov (1930-cu ildən) dayanıblar.
1933-1991-ci illərdə hakimiyyət başçısı postu Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katiblərinin əlində olub. Birinci katib postunu 1933-1953-cü illərdə Mircəfər Bağırov, 1954-1959-cu illərdə İmam Mustafayev, 1959-1969-cu illərdə Vəli Axundov, 1969-1982-ci illərdə Heydər Əliyev, 1982-1988-ci illərdə Kamran Bağırov, 1988-1990-cu illərdə Əbdürrəhman Vəzirov, 1990-cı ildən Ayaz Mütəllibov tutub.