Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, mayın 28-də hakimiyyət daha bir siyasi rəqibinə saxta cinayət işi quraşdırmağa başlayıb: “Həmin gün Gəncə şəhərində AXCP fəalı Razi Alışov tutulub. Mayın 30-da Razi Alışov barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan hüquq mühafizə orqanları müxalif mövqeli ictimai-siyasi fəalları tez-tez narkotik ittihamı ilə şərləyib həbs edir. Razi Alışov da bu maddə ilə şərlənən növbəti müxalif fəaldır.
Bu həbslə İlham Əliyev hökuməti bir daha etiraf edir ki, idarəçilik metodunu dəyişmək fikrində deyil, repressiya və siyasi həbslər olmadan keçinə bilmir. Əks halda mayın 27-də imzalanan, bir neçə siyasi məhbusu da əhatə edən yarımçıq əfv sərəncamından dərhal sonra yeni bir siyasi həbsə qərar verilməzdi.
Son bir neçə ayda başqa siyasi həbslər də həyata keçirilib, AXCP fəali Şahin Hacıyev, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Almaniyadan geri göndərilmiş siyasi mühacirlər Malik Rzayev, Mütəllim Orucov (AXCP üzvü), Cəfər Mirzəyev, Pünhan Kərimli (AXCP üzvü) və Ziya İbrahimli, keçmiş siyasi məhbus, bloqçu Rəşad Ramazanov tutulublar. Bu dövrdə siyasi xarakterli inzibati həbslər və polis zorakılığı da davam edib.
Azərbaycanda siyasi islahatların aparılmasına, siyasi məhbus probleminin birdəfəlik həll edilməsinə, inzibati zorakılığa son qoyulacağına dair xalqın gözləntilərinə və beynəlxalq birliyin çağırışlarına İlham Əliyevin cavabı budur: repressiya maşını dayanmır, siyasi məhbusların yeni dəstələri yaranır”.
Milli Şura bildirir ki, Azərbaycan xalqı hər yeni repressiya dalğasına daha mütəşəkkil qaydada dirəniş və siyasi fəallıq göstərməklə cavab verməlidir: “Göstərməlidir ki, repressiyalar onu qorxutmur, əksinə, repressiya ilə ömrünü uzatmaq istəyən rejimə qarşı qəzəb və hiddətini artırır. Xalqımız repressiya qurbanlarını hamılıqla müdafiə etməli, dinc mübarizə və seçki yolu ilə ölkənin yolunu açmaq, demokratiyaya keçidi təmin etmək üçün daha kütləvi şəkildə təşkilatlanmalı və mübarizəyə qoşulmalıdır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.