Çinin Sincan Uyğur Muxtar Rayonunda repressiyaya məruz qalan uyğurlarla bağlı minlərlə sənəd və fotoşəkil yayılıb.
Novator.az saytı “The Hill” qəzetinə istandla bildirir ki, sənədlər və şəkillər 1990-cı illərdən ABŞ-da fəaliyyət göstərən Kommunizm Qurbanlarının Xatirəsi Fondunun internet səhifəsində yerləşdirilib.
Fond materialları haker qruplarından əldə etdiyini bildirib. Hakerlər sənədləri və şəkilləri Çinin hökumət qurumlarının, hüquq mühafizə orqanlarının məlumat bazasına daxil olaraq ələ keçiriblər. Sonra isə materialları Kommunizm Qurbanlarının Xatirəsi Fonduna ötürüblər.
Fond materialları ictimai nümayişə çıxarmasını Çində uyğurlara qarşı repressiyaları ifşa etmək niyyəti ilə əsaslandırıb.
Materaillara həbs olunan 2884 nəfər uyğurun fotoşəkli, 300 mindən çox adama açılmış şəxsi iş, tutulanlar haqda 23 mindən artıq qeyd və həbs düşərgələrində nəzarətçilərə verilən 10-dan çox təlimat daxildir.
Sənədlər toplusundan bəlli olur ki, Çinin kommunist rejimi 2 miyondan çox uyğuru “ekstremist” hesab edir və onların “peşə təlimi mərkəzləri”ndə (Çin hökuməti uyğurların saxlandığı həbs düşərgələrini belə adlandırır) “tərbiyə olunmasını” zəruri sayır.
Kommunizm Qurbanlarının Xatirəsi Fondunun rəyinə əsasən, hazırda ən azı 1 milyon nəfər, təxminən 2 milyon nəfərə yaxın uyğur Sincan bölgəsində həbs düşərgələrində saxlanır.
Fondun açıqlamasına görə, 2884 məhbusun şəkli 2018-ci ilin birinci yarısında Sincan Uyğur Muxtar Rayonunun cənubundakı polis bölmələrində, saxlama mərkəzlərində çəkilib. Onların arasında yüzlərlə foto var ki, Çin polisinin uyğurlara fiziki işgəncələr verdiyi anda lentə alınıb, ona görə işgəncə hallarını birbaşa sübuta yetirir.
“The Hill” qəzeti yazır ki, Kommunizm Qurbanlarının Xatirəsi Fondunun Çin bölməsinin rəhbəri, almaniyalı alim Adrian Zents əldə olunan materialları yaymazdan qabaq dərindən araşdırıb və sənədlərin, şəkillərin həqiqiliyini təsdiqləyib.
Adrian Zents mətbuata açıqlamasında əldə keçən materialların mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Çünki bu materiallar Çin hakimiyyətinin yürütdüyü siyasət, həyata keçirdiyi tədbirlər, qarşıya qoyduğu məqsədlər haqda aydın təsəvvür formalaşdırır. Çin Xalq Respublikasının sədri Si Cinpin bu proseslərdə şəxsən iştirak edir. İndiyədək heç vaxt bu qədər açıq sənəd dərc olunmayıb. Ona görə hazırkı ifşanın ciddi səs-küy yaradacağını düşünürəm”.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar.
Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.