Milli Məclisin 31 may iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihədə gəlirlər 26 milyard 396,2 milyon manat, xərclər 27 milyard 422,4 milyon manat göstərilir.
Sənədə görə, ən böyük gəlir mənbəyi Dövlət Neft Fondundan köçürmə olub: 11 milyard 350 milyon manat.
Əlavə dəyər vergisi üzrə 5 milyard 214,4 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 2 milyard 958,3 milyon manat, gömrük rüsumları üzrə 1 milyard 205,4 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 1 milyard 194,6 milyon manat, aksizlər üzrə 1 milyard 105,7 milyon manat daxilolma qeydə alınıb.
Xərc istiqamətləri belə rəsmiləşib: iqtisadi fəaliyyət – 5 milyard 500,5 milyon manat, müdafiə və milli təhlükəsizlik – 4 milyard 541,6 milyon manat, ümumi dövlət xidmətləri – 3 milyard 973,9 milyon manat, sosial müdafiə və sosial təminat – 3 milyard 164,2 milyon manat, təhsil – 3 milyard 92,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 32,9 milyon manat, səhiyyə -1 milyard 378,5 milyon manat, kənd təsərrüfatı – 910,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 372,1 milyon manat, ətraf mühitin mühafizəsi – 245,9 milyon manat, mənzil və kommunal təsərrüfatı – 217,3 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 982,4 milyon manat.