Mayın 30-da Kəpəz Rayon Məhkəməsi AXCP-nin Gəncə təşkilatının fəalı Razi Alışov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Ona narkotik vasitə satmaq ittihamı irəli sürülüb. Bu ittiham 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Razi Alışovu mayın 28-də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tutub.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli fəala qarşı ittihamı qondarma saydığını bəyan edib: “Razi Alışovun həbsi İlham Əliyevin cəmiyyətdə qorxu yaratmadan hakimiyyətdə qala biləcəyinə inamının olmadığını göstərir. Polis dəyənəyi və sifarişli həbslər İlham Əliyevin sonuncu müttəfiqləridir. Azərbaycan rejimi neçə ildir bu lənətlənmiş dairə üzrə hərəkət edib beynəlxalq dairələri yola verir. Ciddi beynəlxalq təzyiqlərdən sonra bir neçə siyasi məhbusu azad etməyə məcbur olan kimi yeni siyasi fəallar həbs olunur. Bu lənətlənmiş həlqə qırılmalıdır. Azərbaycan cəmiyyəti daha diri, daha mübariz olmalıdır. Siyasi həbslərə elə kütləvi etirazlar etməliyik ki, rejim belə həbslərin də əks reaksiya verdiyinə, xalqı qorxutmadığına əmin olsun”.
Hazırda AXCP-nin daha 5 üzvü həbsdədir. Onların 3-ü azadlıqdan məhrumetmə cəzası çəkir.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də, Pünhan Kərimov 2022-ci il yanvarın 25-də həbs edilib. Onlara satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamları verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Hüquq müdafiəçiləri bildirir ki, prezident İlham Əliyevin 27 may 2022-ci il sərəncamı ilə adı siyasi məhbus siyahılarında keçən 27 nəfər əfv edilib.
Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.