2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda buraxılır: Çempionlar Liqasında 78, Avropa Liqasında 21, Konfrans Liqasında 134 komanda start götürür. Çempionlar Liqasının ilkin, birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayır.
Azərbaycan Avropa Liqasında təmsil olunmur.
Novator.az bildirir ki, Çempionlar Liqasındakı təmsilçi “Qarabağ” mübarizəyə birinci mərhələdə (5-13 iyul) qoşulur. Mümkün rəqiblər bunlardır: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), “Klaksvik” (Farer adaları), “Lex” (Polşa), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Tirana” (Albaniya), “Balkani” (Kosovo).
İlkin təsnifat mərhələsinin (21-24 iyun) iştirakçıları da potensial rəqiblər sayılır: Estoniyadan “Levadiya”, San Marinodan “La Fiorita”, Andorradan “İnter”, İslandiyadan “Vikinqur”.
İkinci mərhələdə (19-27 iyul) Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa, İsrail), “Sürix” (İsveçrə), üçüncü mərhələdə (2-9 avqust) “Apollon” (Kipr), dördüncü mərhələdə (16-24 avqust) “Kopenhagen” (Danimarka) komandaları qismət ola bilər.
Turnirin qrup mərhələsi sentyabrın 6-da başlayıb noyabrın 2-də bitəcək.
Konfrans Liqasındakı təmsilçilər “Neftçi”, “Zirə” və “Qəbələ”dir. Birinci mərhələ 7-14 iyula, ikinci mərhələ 21-28 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-25 avqusta, qrup mərhələsi 8 sentyabr-3 noyabra təyin olunub.
Azərbaycan komandaları turnirə ikinci mərhələdə qoşulur. “Neftçi”yə həmin raundda Norveçdən “Vikinq”, “Lilleström”, Danimarkadan “Viborq”, Türkiyədən “Konyaspor”, Kiprdən “Aris”, İsveçdən AİK, “Elfsborq”, “Yurqorden”, İsraildən “Makkabi” (Netanya), Bolqarıstandan “Levski”, “Botev”, Rumıniyadan “Sepsi”, Macarıstandan “Kişvarda”, “Puşkaş Akademiya”, Polşadan “Rakov”, Qazaxıstandan “Qızıljar”, Sloveniyadan “Koper”, Belarusdan “Qomel”, Bosniyadan “Velej”, Latviyadan “Valmeyras”, Lüksemburqdan “Rasinq Union”, İrlandiyadan “Sent-Patriks Atletik”, Şimali Makedoniyadan “Makedoniya” rəqib ola bilər.
“Zirə” və “Qəbələ”nin mümkün rəqibləri sırasında İsveçrədən “Bazel”, “Yanq Boyz”, Çexiyadan “Slaviya”, “Sparta”, Niderlanddan “Alkmaar”, Yunanıstandan PAOK, “Aris”, Türkiyədən “Başakşəhər”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Qazaxıstandan “Astana”, “Kayrat”, Norveçdən “Molde”, Kiprdən APOEL, Rumıniyadan “Styaua”, “Universitatya”, Belarusdan BATE, Avstriyadan “Rapid”, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Belçikadan “Antverpen”, Macarıstandan “Fehervar”, Portuqaliyadan “Gimarayeş”, Bolqarıstandan SSKA, Litvadan “Suduva”, Danimarkadan “Brondbü”, Slovakiyadan “Spartak”, Şotlandiyadan “Motervell”, Serbiyadan “Çukariçki”, “Radniçki”, Lixtenşteyndən “Vaduts”, Ukraynadan “Vorskla” var.
Üçüncü mərhələnin potensial rəqibləri siyahısında “Zarya” (Ukrayna), “Anderlext” (Belçika), “Volfsberq” (Avstriya), “Jil Visente” (Portuqaliya), “Tvente” (Niderland), dördüncü mərhələnin mümkün rəqibləri siyahısında “Fiorentina” (İtaliya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə) komandaları yer alır.