Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu 2021-ci ildə dövlət büdcəsindən ali məktəblərə ayrılmış subsidiyaların bölgüsünə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2021-ci ildə Azərbaycanın ali məktəblərinə 41,4 milyon manat subsidiya ayrılıb: “Vəsaitin 1,7 milyon manatı Bakı Dövlət Universitetinə, 0,8 milyon manatı Azərbaycan Tibb Universitetinə çatıb. Qalan vəsaiti rektorları hakim ailənin təmsilçiləri olan ali məktəblər götürüb. Azərbaycan Diplomatik Akademiyası (ADA) Universitetinə 19,2 milyon manat, Moskva Dövlət Universitetinin Bakı filialına 12,4 milyon manat, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 7,3 milyon manat subsidiya düşüb.
ADA Universiteti təhsil haqlarına görə Azərbaycanın ən bahalı ali məktəbi sayılır, onun bütün infrastrukturu da dövlət büdcəsi hesabına qurulub. Belə olan halda büdcədən ADA-ya bu qədər vəsaitin ayrılması nəyə xidmət edir?
Eyni zamanda Moskva Dövlət Universitetinin və Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının Azərbaycanda fəaliyyətinə nə ehtiyac var? Nədən Azərbaycanda yalnız Rusiya universitetlərinin filialları fəaliyyət göstərir? Fəaliyyət göstərsələr belə, nədən büdcədən onlara subsidiya ayrılır?
Yeri gəlmişkən, Böyük Britaniyanın “Quacquarelli Symonds” məsləhət şirkətinin tərtib etdiyi 1000 ən yaxşı ali məktəb siyahısında Azərbaycandan yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti yer alır”.