Mayın 27-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağına baş çəkiblər. Sonra onlar rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminə qatılıblar və kənd sakinləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətə toxunub: “Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi postmünaqişə dövrüdür. Biz bu dövrdə yaşayırıq və postmünaqişə dövründə də gündəliyi diktə edirik. Müharibədən keçən il yarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna nail olmuşuq, ya da nail oluruq.
Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi. Bu, bizim çox böyük siyasi uğurumuzdur.
İkincisi, bizim gündəliyimizi aparıcı beynəlxalq təşkilatlar əsas kimi götürür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, il yarım imtina edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişdilər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.
Biz demişdik ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib.
Daha bir vacib məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq.
Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydı, müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma Ermənistan faşistləri – bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.