Mayın 27-də prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayıb. Novator.az bildirir ki, sərəncam azadlıqdan məhrumetmə cəzası çəkən 168 şəxsin həbsdən buraxılmasını nəzərdə tutur.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilir, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci il aprelin 28-də cümhuriyyət Rusiya işğalı ilə süquta uğrayıb.
1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
2021-ci il noyabrın 16-da “Müstəqillik Günü haqqında” qanun qüvvəyə minib, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Həmin vaxta qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü idi.