“Rusiya prezidenti Vladimir Putin yalnız Ukraynanın müdafiə qabiliyyətini qıra bilməyəcəyini anlasa, gerçək sülh danışıqlarına gedər”. Novator.az-ın məlumatına görə, Almaniya kansleri Olaf Şolts İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən belə deyib.
Pandemiya səbəbindən iki il təxirə salınan və yalnız video formatında baş tutan forumu bu il qış mövsümündə deyil, epidemioloji vəziyyətin əlverişli olduğu may ayında keçirmək qərara alınıb.
Forumda 2000-dən çox yüksək çinli siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gəlib. Tədbirdə Rusiya-Ukrayna müharibəsi, pandemiya, qlobal inflyasiya və iqlim dəyişiklikləri mövzuları müzakirəyə çıxarılıb.
Forumda çıxış edən Olaf Şolts deyib ki, Ukraynaya hərbi təcavüz əmrini vermiş Vladimir Putin strateji məqsədlərinə çata bilməyib.
Hərbi təcavüzə cavab olaraq tətbiq edilən sanksiyaların Rusiyaya baha oturduğunu vurğulayan, amma indiki vəziyyətdə Putinin ciddi şəkildə sülhə gəlməsinin mümkünlüyünü də şübhə altına alan, onun yalnız Ukraynanın müdafiə qabiliyyətini qıra bilməyəcəyini anladıqda gerçək sülhə razılaşacağını bildirən Almaniya kansleri bu fikirlərini bir növ beynəlxalq aləmə xəbərdarlıq kimi səsləndirib.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Ukraynanın şərqində və cənubunda bir çox ərazi Rusiyanın nəzarətinə keçib.
Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub.
Mənbə: News.sky.com