Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazov mayın 24-də Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkərək məhbus jurnalist Polad Aslanovun ifadəsini alıb. Xəbəri “Turan” jurnalistin həyat yoldaşı Gülmira Aslanovaya istinadla yayıb.
Polad Aslanov məhkumlardan birinin onu döyməsindən şikayətçidir. Hadisə aprelin 1-də baş verib. Gülmira Aslanova aprelin 9-da Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazovun qəbulunda olub, ona Polada baş çəkilib ifadəsinin alınacağı, araşdırma aparılacağı, tibbi ekspertiza təyin olunacağı sözü verilib, ancaq bu iş yubanıb.
Novator.az bildirir ki, Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib, 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, 2022-ci il fevralın 24-də Ali Məhkəmə cəzanı 13 ilə endirib.