İqtisadçı Rövşən Ağayev inflyasiya problemindən yazıb.
Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri 2021-ci ilin dörd ayına nəzərən 12,4 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,4 faiz, qeyri-ərzaq məhsulları 6,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.
Rəsmi statistikaya istinad edən Rövşən Ağayev yazır: “Ərzaq inflyasiyası az qala 20 faizə çatırsa, adamlar bunun ağırlığını ciblərində və mətbəxlərində ciddi şəkildə hiss edirlər. Əhalinin böyük hissəsinin dayanıqlı gəlirlərinin olmadığı, effektiv indeksasiya mexanizminin işləmədiyi Azərbaycan kimi ölkələrdə yüksək inflyasiya dövrü ev təsərrüfatlarının ehtiyatlarını maksimum əritdiyi, borca girdiyi, ehtiyatları olmadıqda isə sürətlə yoxsullaşdığı mərhələdir.
Hazırkı yüksək inflyasiya tələbdən, xüsusən ev təsərrüfatlarının tələbindən qaynaqlanmır. Bunu təsdiqləyən bir neçə makroiqtisadi faktor da var. Məsələn, 2021-ci ildə ev təsərrüfatlarının istehlak xərclərinin ümumi daxili məhsulda payı əvvəlki ilə nisbətən 61 faizdən 52 faizə enib. Bu xərclərin illik artım tempi ümumi daxili məhsulun artım tempindən 3 dəfə geri qalıb.
Bu ilin yanvar-aprel aylarında istehlak bazarında xərcləmələr də ötən ilin eyni dövrü ilə müqayisədə elə də çox artmayıb – 4 faiz ətrafında yüksəlmə qeydə alınıb.
Tələbi stimullaşdıran xərc mənbələrində də kritik artımlar qeyd alınmadığı görünür. Məsələn, iqtisadiyyatın kreditləşməsi 10 faizdən, büdcə xərcləmələri 5 faizdən az artıb. Pul bazasında 7 faiz artım görünür.
Təklif (xərc) mənşəli inflyasiyanın artımını göstərən göstəricilər daha çoxdur. İdxal qiymət indeksi 25 faizə yaxın, bəzi mal qrupları üzrə 30 faizin üzərində olub. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 16 faizdən çox, emal sənayesi üzrə istehsalçı qiymət indeksi 25 faizə yaxın olub.
Bu indekslərin yüksəlməsində xammal və materialların bahalaşması yalnız səbəblərdən biridir. İqtisadiyyatdakı aparıcı məhsul və xidmətlər üzrə inhisarçı şəbəkənin xərcləri yüksək göstərərək qiymət artımını sürətləndirməsi ciddi və etibarlı araşdırma tələb edir. Bir qayda olaraq iqtisadiyyatda rəqabətin olmadığı, ayrı-ayrı bazarların və idxalın yüksək inhisarlaşdığı iqtisadiyyatlarda inflyasiyanın artdığı dövr bu qruplara qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər yaradır”.