Mayın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Pünhan Kərimovun işi üzrə hazırlıq iclası keçirilib.
Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də Almaniyadan Azərbaycana qaytarılıb.
2022-ci il yanvarın 25-də Pünhan Kərimov Bakıda həbs edilib. Ona satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“Turan”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən 25 may iclasında vəkil Cavad Cavadov Pünhan Kərimova qaldırılmış cinayət işinin xətm olunması, onun bəraətlə azadlığa buraxılması barədə vəsatət verib. Vəsatət təmin olunmayıb.
Məhkəmə Pünhan Kərimovun ev dustaqlığına buraxılmasına da razılaşmayıb, mühakimə prosesinin iyunun 1-də start götürməsinə qərar verilib.
Novator.az bildirir ki, hazırda AXCP-nin daha 5 üzvü həbsdədir. Onların 4-ü azadlıqdan məhrumetmə cəzası çəkir.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də həbs edilib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada ittiham olunur.