AXCP üzvü Aqil Məhərrəmov mayın 25-də Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb. Novator.az bildirir ki, 2018-ci il mayın 25-də tutulan cəbhəçi xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinmiş, 4 il həbs cəzası almışdı.
İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.
Saleh Rüstəmova 7 il 1 ay, AXCP üzvü Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsilib, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) isə 6 il 8 aylıq şərti cəzalar alıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.