Bu ay ABŞ prezidenti kimi ilk dəfə Asiyaya – Cənubi Koreyaya və Yaponiyaya səfər edən Cozef Bayden mayın 24-ü Tokioda Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq çərçivəsində keçirilən zirvə görüşünə də qatıldı.
Görüşdə regional təhlükəsizlik, azad və açıq Hind okeanı-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üçün dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi, qlobal iqlim dəyişilkliyi və digər məsələlər müzakirə olunub.
Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (Quadrilateral Security Dialogue, QUAD) qrupuna ABŞ, Yaponiya, Avstraliya və Hindistan daxildir.
ABŞ-ın “Associated Press” agentliyi QUAD qrupunun tarixi haqda arayış hazırlayıb. Novator.az saytı həmin arayışı ingiliscədən çevirib oxuculara təqdim edir.
QUAD nədir?
QUAD qrupu qeyri-rəsmi şəkildə 2004-cü ildə Hind okeanında baş verən dağıdıcı sunamidən sonra formalaşıb.
Qrup dörd ölkənin zərər çəkmiş bölgələrə humanitar yardım göndərdiyi və fəlakətdən xilas olmaq üçün bir araya gəldiyi dövrdə tərəfdaşlıq məqsədilə təşkil olunub.
2007-ci ildə Yaponiyanın o dövrdəki baş naziri Sindzo Abe QUAD-ı rasmiləşdirib. Amma sonradan Avstraliyanın qrupda iştirakının Çini qıcıqlandırması fonunda QUAD 10 ilə yaxın müddətdə fəaliyyətsiz qalıb.
Bölgədə Çinin artan təsirinə münasibətin dəyişməsi 2017-ci ildə qrupun yenidən dirçəlməsinə gətirib çıxarıb.
2017-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək ABŞ-a rəhbərlik etmiş Donald Trampın dövründə olduğu kimi 2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Baydenin dövründə də Ağ ev QUAD-ı Hind okeanı-Sakit okean hövzəsinə daha çox diqqət yetirmək, xüsusən Çinin iddialı davranışlarına müqavimət göstərmək üçün əsas vasitələrdən biri saydığını gizlətməyib.
QUAD liderlərinin ilk rəsmi zirvə görüşü 2021-ci ilin sentyabrında ABŞ-da gerçəkləşib. 2022-ci ilin martında isə qrup liderləri virtual formatda görüş keçiriblər.
QUAD “Asiya NATO-su” deməkdirmi?
Çin QUAD-ın fəallaşmasını “Asiya NATO-su” yaratmaq cəhdi kimi qiymətləndirir. Pekin bununla bağlı narazılığını açıq ifadə edib.
Amma NATO-dan fərqli olaraq QUAD-ın fəal qarşılıqlı müdafiə paktı yoxdur.
QUAD üzvləri bu qrupu dörd ölkə arasında iqtisadi, diplomatik və hərbi əlaqələri dərinləşdirmək üçün yaratdıqlarını bildirirlər.
Lakin QUAD liderləri tez-tez dilə gətirməsələr də, qrupun tərəfdaşlıq münasibətlərinin Çinin aqressiv siyasətinə qarşı yönəldiyi də sirr deyil.
“Dördlüyün ruhu” kimi təqdim edilən 2022-ci ilin mart bəyannaməsində qrup liderləri müxtəlif ideyalar irəli sürdüklərini, o cümlədən azad Hind okeanı-Sakit okean hövzəsi məsələsində baxışlarının üst-üstə düşdüyünü vurğulayıblar: “Biz bölgənin demokratik dəyərlərə əsaslanan azad, açıq, hərtərəfli, sağlam, o cümlədən təhdid və təhriklərdən uzaq bir region olmasına çalışırıq”.
QUAD-da yeni simalar
Mayın 24-ü Tokioda keçirilən zirvə görüşünə Yaponiyanın baş naziri Fumio Kişida ev sahibliyi edib. Fumio Kişida 2021-ci ilin oktyabrından Yaponiya hökumətinə rəhbərlik edir.
Avstraliyanın baş naziri Entoni Albaniz isə bu qrupda ən yeni simadır. Onun baş nazir kimi andiçmə mərasimi mayın 23-də, ölkədəki parlament seçkisindən iki gün sonra, QUAD sammitinə bir gün qalmış gerçəkləşib.
Bəs Hindistan?
Hindistandakı bəzi avtoritar tendensiyalara, hökumətin azlıqlara qarşı repressiyalar həyata keçirməsinə baxmayaraq baş nazir Narendra Modi də QUAD sammitinə qatılıb.
Dördlüyün digər üzvləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə müqavimət göstərilməsi, xüsusən sanksiyaların tətbiqi məsələsində birlik nümayiş etdirsə də, Hindistan Ukrayna müharibəsinin davam etdiyi aylarda Rusiyadan enerji idxalını artırıb.
Üstəlik, Rusiyanın Ukraynaya hücumu nəticəsində qiymətlərin qalxdığı və ərzaq qıtlığı yaşandığı bir vaxtda Hindistan güclü istilərin olduğunu səbəb göstərərək ölkədən buğda ixracını yasaqlayıb. Bu isə qlobal ərzaq çatışmazlığı probleminin həllini daha da çətinləşdirə bilər.
Görüşdə daha kimlər iştirak edib?
ABŞ rəsmiləri QUAD-a əlavə üzvlərin qəbulunu düşünmədiklərini desələr də, Cənubi Koreya qrupa qoşulmaqda maraqlı olduğunu bəyan edib.
Qrup Cənubi Koreya, Yeni Zelandiya və Vyetnamın iştirakı ilə “QUAD+” görüşləri keçirib. Bu isə gələcəkdə tərəfdaşlığın genişlənməsinə zəmin yaradır.
QUAD – necə də qəribə səslənir
Siyasətçilər yeni bir qrup və ya təşkilat yaradanda ona QUAD və ya AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın yeni ittifaqı) kimi qısaldılmış adlar verməyə adət ediblər.
Cozef Baydenin Asiyaya səfəri zamanı diqqət çəkən başqa bir abreviatura da İPEF oldu. Bu, ABŞ-ın təklif etdiyi ticarət paktına verilmiş addır. İPEF – Hind okeanı-Sakit Okean İqtisadi Strukturu deməkdir.
Mənbə: Apnews.com