Ukraynada keçirilməli olan “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka ilkin razılıq vermiş ölkələrin sayı 11-ə çatıb: Avstraliya, Avstriya, Danimarka, Finlandiya, İspaniya, İsrail, Kipr, Niderland, Polşa, San Marino, Ukrayna.
Novator.az bildirir ki, ictimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Ümumilikdə 66 müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.