Rusiyanın ilk imperatoru Birinci Pyotrun Böyük Britaniya paytaxtı Londondakı heykəli basqına məruz qalıb. Nəticədə abidə kompleksi zədələnib.
Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla bildirir ki, Londonun cənubundakı Deptford rayonunda, Temza çayının sahilində ucaldılmış heykəl Rusiya prezidenti Vladimir Putinin sevimli heykəltəraş-rəssamlarından olan Mixail Şemyakinin əl işidir.
Gənc imperatorun 1698-ci ildə ingilis gəmiqayırma sənətini öyrənmək üçün Deptforda etdiyi səfərin şərəfinə ucaldılmış bu heykəl Vladimir Putinin Böyük Britaniyaya hədiyyəsi sayılır.
2003-cü ildə Londona səfəri zamanı Vladimir Putin Şahzadə Endryunun müşayiəti ilə Temza çayının sahilinə enərək heykələ baş çəkib. Sonrakı dövrdə Britaniya ilə Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşdiyindən Kreml 2003-cü il səfəri ilə bağlı press-relizi internet səhifəsindən silib, ancaq press-relizi hələ də axtarış sistemində tapmaq mümkündür.
“The Guardian” yazır ki, Putin Rusiyanı Avropa dövlətinə çevirdiyinə görə Birinci Pyotru milli qəhrəman hesab edir və öz iqamətgahında onun bürünc heykəlini saxlayır.
2022-ci il fevralın 24-dən Rusiya Ukraynada total müharibəyə başlayıb.
Birinci Pyotrun Londondakı heykəli ətrafındakı yaşayış kompleksinin sahibi olan “Millennium Quay” şirkətinin daşınmaz əmlak üzrə meneceri Coel Koulman “The Guardian” qəzetinə açıqlamasında deyib ki, müharibə başlanandan sonra yerli sakinlərdən biri heykəli Ukrayna bayrağına uyğun – göy və sarı rənglərlə boyayacağı ilə təhdid edib.
Pasxa bayramındakı istirahət günlərində isə iki nəfər abidə kompleksinə hücum çəkib. Coel Koulmanın sözlərinə görə, insidenti ərazidəki müşahidə kameraları qeydə alıb: “Görüntülərdə üz-gözünü örtmüş iki nəfərin daşyonan cihazı heykəlin mərmər sürahıbəndinə yaxınlaşdırdığı və digər hərəkətləri izlənir. Onlar heykəlin yanında Evelinin (Birinci Pyotrun Deptfordda qaldığı malikanənin sahibi) kiçik ölçülü bürünc abidəsini də oğurlamağa cəhd göstəriblər”.
Coel Koulman bildirib ki, oğruların kimliyini müəyyənləşdirmək mümkün olmayıb: “Təəssüf ki, başlarını örtdüklərinə, maska taxdıqlarına görə onları üzdən tanımaq olmur.
İnsanlar bu hadisənin Ukrayna müharibəsi ilə bağlı olduğunu düşünürlər. Ancaq bu, sırf soyğunçuluq hadisəsidir. Mən saatlarla videogörüntüləri izləmişəm. Onların mərmər sürahıbəndi və Evelinin bürünc abidəsini oğurlamaq istədiyi açıq-aşkar görünür”.
Abidə kompleksinin təmiri bir neçə min funt sterlinqə başa gələ bilər.
“Millennium Quay” şirkəti təmir pulunu Rusiyanın ödəməsini istəyir. Bu məqsədlə şirkət Rusiyanın Böyük Britaniyadakı səfirliyinə müraciət edib.
Müraciətə cavab verməyən səfirlik məsələ ilə bağlı “The Guardian”ın sorğusunu da cavabsız qoyub.
Coel Koulman qəzetə deyib ki, heykəl Rusiyanın hədiyyəsidir: “Ona görə biz Rusiya səfirliyinin təmirə pul ödəyib-ödəməyəcəyini öyrənməliyik”.
Mənbə: Theguardian.com