Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Qarabağ danışıqlarına dair bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, partiya Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini yaxından izləyir, Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüş formatını təqdir edir, sülh müqaviləsi imzalanana qədər görüşləri məqsədəuyğun sayır.
Sərhəd komissiyalarının birgə iclasının təşkili, nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək kimi razılaşmaları müsbət qiymətləndirən ADR Partiyası qeyd edir ki, danışıqların predmetinə Dağlıq Qarabağda yaşamış azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması, Qazax rayonunun və Naxçıvan Muxtar Respublikasının işğaldakı torpaqlarının azad edilməsi, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin araşdırılması da daxil edilməlidir.
Partiya sərhədlərin delimitasiyası və demarkasiyası ilə yanaşı Laçında Azərbaycanın sərhəd və gömrük nəzarəti məntəqəsinin yaradılmasını təklif edir.
Partiya Azərbaycanda demokratikləşmə prosesinə başlamağı da önəmli sayır, sərbəst toplaşmaq, birləşmə, söz, fikir və mətbuat azadlığının təmin edilməsinin, vətəndaş cəmiyyəti qurumlarının və siyasi partiyaların fəaliyyətinə baryerlərin aradan qaldırılmasının, siyasi repressiyaların və zorakılıqların dayandırılmasının, siyasi məhbusların azad olunmasının vacibliyini bəyan edir.
ADR Partiyası 2021-ci ildə, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi partiya hələ dövlət qeydiyyatına alınmayıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi, Qazax rayonunun 7 kəndi də işğala məruz qalıb.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Hazırda Laçın şəhəri və rayonun 6 kəndi, Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 43 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi Azərbaycanın nəzarətində deyil.
Müharibədən sonra aparılan sülh danışıqlarının əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci il yanvarın 11-i Moskvada və noyabrın 26-sı Soçidə Rusiya prezidenti Vladimir Putinin, 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı və mayın 22-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.