Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Qeyd olunur ki, mayın 14-ü Bakıda ictimai-siyasi xadimlərə, media mənsublarına qarşı təhdid və zorakılıqlara etiraz yürüş-mitinqi keçirilib: “Aksiyadan əvvəl və aksiya zamanı fəallardan 30-a qədəri saxlanaraq sonradan müxtəlif ərazilərdə, o cümlədən Bakıdan xeyli uzaq yerlərdə buraxılıb. Aksiya iştirakçılarına polis zorakılıqları törədilib.
Bu aksiyadan sonra Böyük Britaniya və ABŞ hökumətləri adından bəyanatlar verildi, Azərbaycan hakimiyyəti ölkədə sərbəst toplaşmaq azadlığını təmin etməyə, ifadə hüququndan yararlanmaq istəyən vətəndaşlara qarşı inzibati zorakılıq praktikasına son qoymağa çağırıldı.
ABŞ prezidentinin Müstəqillik Günü münasibətilə ölkə başçısı İlham Əliyevə göndərdiyi məktubda da hakimiyyət demokratik idarəetmə və islahatlar istiqamətində addımlara dəvət olundu.
Ancaq İlham Əliyev rejimi dünyada yeni bir dönəmin başladığının fərqində deyilmiş kimi bu çağırışlara da ölkədə polis zorakılığını və sifarişli həbsləri artırmaqla cavab verir.
Bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov yenidən həbs edilib. Bu dəfə də onu narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edirlər. İttihamın qurama olduğu şübhə doğurmur. Rəşad Ramazanov həbsdən çıxandan sonra bir müddət mühacir həyatı yaşayıb və həmin dövrdə də hakimiyyətə qarşı sərt tənqidlərini davam etdirib. Ona görə də ölkəyə qayıdan kimi təqib altına alınıb və sonda həbs edilib.
Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov sifarişli məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Razi Hümbətov da narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Halbuki o, fəal ictimaiyyət arasında məhz narkomaniya ilə mübarizəsinə görə tanınıb.
Almaniyadan ölkəyə qaytarılan mühacir fəal Ziya İbrahimli Bakı hava limanında saxlanıb. O, Almaniyadan deportasiya edildikdən sonra müxtəlif qurama ittihamlarla həbs edilən 6-cı şəxsdir.
Bakıdakı 14 may aksiyasına dəstək məqsədilə Mingəçevirdə “Kriminal dövlət istəmirik!” şüarı qaldıran AXCP fəalı Ceyhun Rzayev mayın 17-də bir neçə saatlığa saxlanıb. Həmin müddətdə Daxili İşlər Nazirliyinin sözçüsü mediaya açıqlama verib ki, Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Ceyhun Rzayev hazırda sərbəst olsa da, hər an narkotik ittihamı ilə şərlənərək həbs edilə bilər.
AXCP Ali Məclisinin üzvü Orxan Cahangirov da Bakıdakı 14 may aksiyasından sonra həbs təhlükəsi ilə üzləşib.
Hakimiyyətin siyasi məhbus, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi daha uzun müddətə həbsdə saxlamaq istədiyi müşahidə olunur. Əli Əliyev 2022-ci ilin yanvarında 5 ay müddətinə azadlıqdan məhrum edilib, sonra cəzası 1 ay uzadılıb. İndi isə Əli Əliyev yenidən xüsusi ittiham qaydası ilə məhkəməyə verilib və iş icraata götürülüb.
Ötən dövrdə ölkənin tanınmış ictimai-siyasi xadimlərinə, media mənsublarına, vətəndaş cəmiyyəti fəallarına qarşı çox sayda polis zorakılığı və digər müəmmalı (geniş ictimaiyyətin polislə əlaqəli olduğunu ehtimal etdiyi) cinayətlər törədilib, lakin hakimiyyət orqanları onların birinin də üstünü açmağa maraq göstərməyib.
Təəssüf ki, Azərbaycan hakimiyyəti dünyada baş verənləri anlamır və beynəlxalq çağırışları ciddiyə almır. Hələ də belə hesab edir ki, xalqın azadlıq və demokratiyaya keçid istəyini sona qədər polis zorakılığı və sifarişli həbslərlə boğa biləcək.
Azərbaycan xalqı öz gələcəyi üçün üzərinə düşən məsuliyyəti anlamalı, hüquq və azadlıqlarının təmin olunması naminə daha kütləvi və ardıcıl şəkildə dinc mübarizəyə qalxmalıdır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.