Mayın 22-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilib. AZƏRTAC-ın məlumatına görə, mayın 23-nə keçən gecə jurnalistlərə açıqlama verən Şarl Mişel deyib ki, görüşdə əsas diqqət Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna yönəlib: “Müzakirə səmimi və məhsuldar oldu, bütün məsələləri nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlananların azad edilməsi ilə bağlı səylərlə əlaqədar müzakirəmiz oldu, itkin düşmüş insanların taleyinə də toxunduq.
Sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclası yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.
Liderlər nəqliyyat əlaqələri istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Liderlər Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Bunun davamı olaraq mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həlli vacibdir.
Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib. Müharibədən sonra aparılan sülh danışıqlarının əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir. İlham Əliyev və Nikol Paşinyan 2021-ci il yanvarın 11-i Moskvada və noyabrın 26-sı Soçidə Rusiya prezidenti Vladimir Putinin, 2021-ci il dekabrın 14-ü və 2022-ci il aprelin 6-sı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.