Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibini təsdiqləyib: sədr – Gündüz Kərimov (Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi); üzvlər – Şahin Əliyev (Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru), Humay Əfəndiyeva (Konstitusiya Məhkəməsinin hakimi), Xalid Qasımlı (Nazirlər Kabineti Aparatının hüquq və qanunvericilik şöbəsinin müdiri), Fərid Hacıyev (Milli Məclis Aparatının rəhbəri). Sərəncam mayın 20-də imzalanıb.
Publik hüquqi şəxs statuslu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi prezidentin 19 may fərmanı ilə yaradılır. Sənədə görə, mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək, qurumun fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin etdiyi icraçı direktor həyata keçirəcək.