Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla yeni görüşü barədə məlumat yayılıb. Onların mayın 22-si Belçikanın paytaxtı Brüsseldə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcəyi bildirilir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub.
2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladığı birgə bəyanatla regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
Noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Soçidə imzaladığı birgə bəyanatla Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.
Dekabrın 14-də Azərbaycan prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri Brüsseldə bir araya gəliblər. İki ölkə dövlət sərhədinin delimitasiyası ilə bağlı müvəqqəti işçi qrupun yaradılması razılığına gəlib.
2022-ci il martın 14-də Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planını açıqlayıb. Planda iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Aprelin 6-sı Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının prezidenti Brüsseldə üçtərəfli görüş keçirib, sülh müqaviləsinin hazırlanması üzərində işləmək, birgə sərhəd komissiyasının təşkili razılığına gəlinib.
Aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə sərhəd komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə edib.
Mayın 18-də prezident İlham Əliyev bəyan edib ki, Ermənistan sərhədlərin delimitasiyasına başlamağa tələsmir: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar fəaliyyətə başlayacaqlar.
Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdı. Sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub. Azərbaycan həmin təklifi qəbul etmişdi və biz nümayəndə heyəti göndərməyə hazır idik. Lakin, sonuncu gün – aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə Ermənistanın 7-11 mayda sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etməsi oldu. Beləliklə, indiyədək Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe narahatlıq doğurur”.