Mayın 18-i Bakıda litvalı həmkarı ilə görüşən prezident İlham Əliyev mediaya bəyanatında Ermənistanla münasibətlərə də toxunub: “Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Gürcüstanlı həmkarlarımızla bu barədə fikir mübadiləsi apardıq və onlar bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. İmkanlar əldən verilməli deyil. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.
Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü beş əsas prinsipi qəbul edib. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlayıb. Ermənistan bunu müsbət qarşılamayıb. Sonra biz mövqeyimizi, beş prinsipi dəqiqləşdirdik, hansı ki, beynəlxalq hüququn əsas prinsipləridir, BMT nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Eyni zamanda biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar fəaliyyətə başlayacaqlar.
Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdı. Sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub. Azərbaycan həmin təklifi qəbul etmişdi və biz nümayəndə heyəti göndərməyə hazır idik. Lakin, sonuncu gün – aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə Ermənistanın 7-11 mayda sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etməsi oldu. Beləliklə, indiyədək Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe narahatlıq doğurur.
Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı söz vermişdiksə, buna sadiq idik. Lakin biz eyni məsuliyyəti Ermənistandan da görməliyik. Bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları əslində yaranan müəyyən etimadı pozur”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir çox bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2021-ci ildən Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
2022-ci il aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə sərhəd komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə edib.