Mayın 14-ü İtaliyanın Turin şəhərində “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib. Novator.az-ın məlumatına görə, 40 iştirakçı ölkədən münsiflərin və tamaşaçıların ümumi səsverməsində Azərbaycan təmsilçisi Nadir Rüstəmli 25 finalçı arasında 16-cı yeri tutub.
Qalib Ukraynanın “Kaluş” qrupudur.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
1969-cu ildə qələbə eyni vaxtda dörd ölkəyə (Böyük Britaniya, Fransa, İspaniya və Niderland) verilib. Buna görə 66 dəfə keçirilmiş yarışın 69 qalibi var.
Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.