Ermənistanda, əsas da paytaxt Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyalarda iki siyasətçi önə çıxıb: İşxan Saqatelyan və Artur Vanetsyan.
Aprelin ortalarında başlayan aksiyalar mayın 1-dən geniş vüsət alıb. Əsas təşkilatçılar parlamentdəki Ermənistan və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinədir.
İşxan Saqatelyan ikinci prezident Robert Köçəryana bağlı şəxslərin, Daşnaksütun və Dirçələn Ermənistan partiyalarını birləşdirən Ermənistan blokunun təmsilçisidir.
Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü İşxan Saqatelyan Yerevan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb, Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.
1999-cu ildən Daşnaksütun Partiyasının üzvüdür, hazırda qurumun rəhbərliyində yer alır.
2018-ci ildə bir müddət Qeqarkunik vilayətinin qubernatoru olub.
2021-ci il iyunun 20-də parlamentin deputatı seçilib, həmin il avqustun 6-dan parlament sədrinin müavinidir.
Artur Vanetsyan “Qürurluyam” blokundandır. Blokda onun Vətən Partiyası ilə üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası birləşib.
1979-cu il təvəllüdlü Artur Vanetsyan Ermənistan Dövlət Aqrar Universitetinin məzunudur, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunu bitirib. General-mayordur.
2000-ci ildən Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışıb, 2018-2019-cu illərdə bu quruma sədrlik edib.
2020-ci ildən Vətən Partiyasının sədri, 2021-ci il iyunun 20-dən parlamentin deputatıdır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir.
2018-ci il mayın 8-də inqilab dalğasında baş nazir postuna keçib, həmin il (“Mənim addımım” bloku ilə) və 2021-ci ildə (Vətəndaş Sazişi Partiyası ilə) parlament seçkilərini udaraq hökumət qurub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir çox bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2021-ci ildən Azərbaycan-Ermənistan sülh danışıqları gedir, həmçinin Türkiyə-Ermənistan dialoqu aparılır.