“Müharibəyə başlayan cəzasız qalmayacaq. Asiya ölkələrinin Ukrayna böhranına reaksiyası Rusiya və Çinə bunu göstərir”. ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel belə deyib.
Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, səfir bəyanatını mərkəzi ofisi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mayın 9-da təşkil etdiyi onlayn tədbirdə səsləndirib.
Bu ay ABŞ prezidenti Cozef Baydenin Asiyaya səfəri planlaşdırılır. Bayden Seulda Cənubi Koreyanın, Tokioda Yaponiyanın lideri ilə görüşəcək, əsasən təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini, o cümlədən Çinin bölgədə artmaqda olan təsirini və Şimali Koreyanın son nüvə təhdidini müzakirə edəcək.
Səfər planına görə, Baydenin Cənubi Koreyanın yeni seçilmiş prezidenti, mayın 10-da and içib səlahiyyətlərinin icrasına başlayacaq Yun Sok Yol ilə görüşü ayın 21-də olacaq. Mayın 22-də isə Bayden Yaponiyaya yola düşəcək, baş nazir Fumio Kisida ilə danışıqlar aparacaq, növbəti gün Tokioda Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq çərçivəsində keçiriləcək zirvə görüşünə qatılacaq.
“Reuters”in məlumatına görə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin onlayn tədbirində çıxış edən Yaponiyanın ABŞ-dakı səfiri Tomita Kodzi vurğulayıb ki, Cozef Baydenin Yaponiyaya planlaşdırılan səfəri hətta Rusiyanın Ukraynada müharibə apardığı vaxtda da Vaşinqtonun Hind okeanı-Sakit okean hövzəsini diqqətdən kənar qoymadığını göstərir.
ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuelin Ukrayna böhranından danışarkən tək Rusiyanı deyil, Çini də misal çəkməsi, “Müharibəyə başlayan cəzasız qalmayacaq” deməsi Tayvan adası ətrafında cərəyan edən proseslərlə bağlıdır. Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumu bir gün Çinin də Tayvana hücuma keçəcəyi haqda ehtimallar doğurub.
Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 kilometr uzaqlıqda yerləşən bir adadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Əhalisi 23 milyon nəfərə yaxındır. Əsas ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, Sinqapur və Çindir.
İkinci Dünya Müharibəsindən sonra Çində sağçı general Çan Kay-Şinin başçılıq etdiyi qüvvələrlə Mao Tsedunun başçılıq etdiyi kommunist qüvvələr arasında vətəndaş müharibəsi olub. Müharibə Çan Kay-Şinin məğlubiyyəti ilə yekunlaşıb. Ça Kay-Şi və tərəfdarları Tayvan adasına çəkilərək burada hökumət qurub. Çan Kay-Şiyə görə, Tayvan hökuməti 1928-ci ildə qurulan Çin Respublikasının davamıdır. 1971-ci ildə BMT Çin Xalq Respublikasını Çin dövlətinin qanuni təmsilçisi kimi tanısa da, Tayvan hökuməti faktiki müstəqil mövcudluğunu davam etdirməkdədir. Pekinə görə, Tayvan Çinin ərazisidir və şərtlər icazə verdikdə materikə birləşdiriləcək. Bu ilhaq prosesi baş tutana qədər isə Pekin rejimi Tayvanı “Bir Çin – iki sistem” adı altında müzakirə etmək istəyir.
Tayvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yardım göstərməsinə baxmayaraq ABŞ Pekinin “Vahid Çin” siyasətini qəbul edir. Digər tərəfdən ABŞ Pekinin Tayvanın de-fakto statusunu zorla dəyişdirmək cəhdlərinə qarşı çıxır. Vaşinqtonun bu siyasəti 1979-cu ildə qəbul edilmiş “Tayvan münasibətləri aktı”na əsaslanır.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub, ölkənin 603 min 548 kvadrat kilometrlik ərazisinin 44 min 170 kvadrat kilometri işğal altına düşüb.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.
Mənbə: Reuters.com