Jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən mayın 9-da verilən rəsmi açıqlamaya görə, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi olayı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) araşdırır.
Aytən Məmmədova mayın 8-i gecə saat 12 radələrində paytaxtın 9-cu mikrorayonunda, yaşadığı binanın blokunda hücuma məruz qalıb. Jurnalistin bildirdiyinə görə, orta yaşlı kişi liftdə bıçağı onun boğazına dirəyərək hədələyib, adını çəkmədiyi məhkəmə işindən yazmamaq tələbi qoyub.
Jurnalist hadisədən təxminən 20 gün əvvəl ev telefonuna zəng vuran bir şəxsin onu hədələdiyini də bəyan edib.
Araşdırıcı jurnalist kimi tanınan Aytən Məmmədova Nərmin Quliyevanın öldürülməsi ilə bağlı cinayət işindən yazılarına görə qəzəbə tuş gəldiyini düşünür. Bu cinayətə görə tutulan İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
“Turan” bildirir ki, 10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Dondar Quşçu kəndinin sakinidir. O, məhkəmədə Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyib, qeyd edib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb. Hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir və günahkarların başqa şəxslər olduğu qənaətindədir.