İyunun 5-i Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər referendumu keçiriləcək. Novator.az bildirir ki, əsas təkliflərdən biri prezidentin partiya üzvü olmasını yasaqlayır. Başqa bir təklifə görə, prezidentin yaxın qohumları dövlət qulluğunda siyasi vəzifə, dövlət sektorunda rəhbər post tuta bilməz.
Layihədə dövlət başçısına parlamentin yuxarı palatası olan Senatın 10 üzvünü təyin etmək səlahiyyəti verilməsi, 98 nəfərdən ibarət aşağı palatanın – Məclisin qarışıq üsulla (proporsional və majoritar) seçilməsi təklifləri də yer alır.
Ana qanuna əlavə və dəyişikliklər layihəsi həmçinin hökumətin, qanunverici orqanın, yerli hakimiyyətlərin səlahiyyətlərinin artırılmasını, ölüm cəzasının ləğvini və başqa yenilikləri nəzərdə tutur.
Konstitusiya islahatı prezident Qasım-Comərd Tokayevin təklifidir.
Qasım-Comərd Tokayev 1953-cü ildə doğulub. 1992-ci ildən Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.
İndiki konstitusiyaya əsasən, Qazaxıstanda prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. Ümumxalq səsverməsində seçilən prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməz.
Prezident parlamentin aşağı palatasının razılığı ilə baş naziri, baş nazirin təqdimatı ilə hökumət üzvlərini təyin edir. Xarici işlər, müdafiə və daxili işlər nazirlərinin təyinatı birbaşa prezidentin səlahiyyətindədir.
Qazaxıstan parlamentinin aşağı palatası – Məclis 107 deputatdan ibarətdir. Məclisin 98 deputatı ümumxalq səsverməsində proporsional üsulla (partiya siyahıları üzrə), 9 deputatı prezidentin yaratdığı məşvərətçi orqanın – Qazaxıstan Xalqı Assambleyasının iclasında seçilir.
Yuxarı palataya – Senata vilayət, respublika tabeli şəhərlər və paytaxtın hər birindən iki təmsilçi daxildir, 15 üzvü isə prezident təyin edir.
Məclisin səlahiyyət müddəti 5 il, Senatın səlahiyyət müddəti 6 ildir.
Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir.