UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə Azərbaycanı “Qarabağ” komandası təmsil edəcək. Novator.az bildirir ki, turnirə birinci mərhələdən (5-13 iyul) qoşulası “Qarabağ”a həmin raundda Belarusdan “Şaxtyor”, Monteneqrodan “Sutyeska”, Farer adalarından “Klaksvik”, Maltadan “Hibernians”, Qazaxıstandan “Tobol”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Gürcüstandan “Dinamo” (Batumi), Kosovodan “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin (21-24 iyun) iştirakçıları da var: İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”.
İkinci mərhələnin (19-27 iyul) bir mümkün rəqibi bəllidir: İsveçrədən “Sürix”.
Üçüncü mərhələni (2-9 avqust) keçəcəyi halda Azərbaycan təmsilçisinə dördüncü mərhələdə (16-24 avqust) Türkiyədən “Trabzonspor”un qismət olması mümkündür.
Qrup mərhələsində (6 sentyabr-2 noyabr) İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Avstriyadan “Zalsburq”, Ukraynadan “Şaxtyor” yer alır.
İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.