Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə baş çəkib. AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən dövlət başçısı 2020-ci ilin Vətən müharibəsindən söz açıb: “Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir.
Xüsusi təyinatlıların Vətən müharibəsindəki qələbəmizdə çox böyük payı var. Mən ali baş komandan kimi bunu bilirəm, bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi zəfər əldə edə bilər. Onların hələ də ümidləri vardı ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz zəfər yürüşümüzü dayandıracağıq. Mən demişdim heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu.
Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələrlə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi.
Mən müharibə zamanı demişdim Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi.
Bu gün Şuşaya gələn hər bir insan məəttəl qalır – bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar.
Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər”.