Birinci Qarabağ müharibəsinin qazisi, jurnalist, siyasətçi Mustafa Hacıbəyli aprelin 28-də Şuşaya səfər edib. Novator.az-a danışan Mustafa Hacıbəyli şəhərə qardaşı, Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı və başqa müsavatçılarla birgə getdiyini deyib.
1972-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində doğulan Mustafa Hacıbəyli Dövlət İdarəçilik Akademiyasını bitirib, Polşada jurnalistika sahəsi üzrə təhsil alıb. “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının sözçüsüdür.
Mustafa Hacıbəyli 1992-ci ildə, Azərbaycan Xalq Cəbhəsinin üzvü olan vaxt Şuşaya gedərək Ramiz Qəmbərovun (1992-ci il aprelin 30-da şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır) batalyonuna qoşulub, şəhərin müdafiəsində iştirak edib. Şuşaya erməni basqını günü – 8 may 1992-ci ildə ön mövqedə döyüşüb, ağır yaralanıb.
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Yuxarı Qarabağda rayon mərkəzi olub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.