“Turan”ın məlumatına görə, vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi müraciət yayaraq Azərbaycan hakimiyyətini tənqidçilərinə qarşı fiziki zorakılığa son qoymağa çağırıb: “Ölkədə ictimai-siyasi fəalları ayrı-ayrı vaxtlarda ya hüquq mühafizə (çox vaxt da polis) orqanlarında, ya da naməlum mülki dəstələrin əli ilə fiziki zorakılığa məruz qoymaq təcrübəsi geniş yayılıb. Belə qanundankənar əməllərin heç birinə görə qanuni məsuliyyət tədbirləri görülmür.
Növbəti belə cinayət 21 aprel 2022-ci ildə ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qarşı törədilib. Onu oğurlayaraq naməlum bir ünvana aparıblar, orada daxili işlər naziri Vilayət Eyvazov haqqında tənqidi çıxışlarına görə hədələyib təhqirə və alçaldıcı rəftara məruz qoyublar.
Bəxtiyar Hacıyev başına gələnləri ictimailəşdirəndən sonra daxili işlər naziri Vilayət Eyvazov onunla görüşüb, bu işə aidiyyətlərinin olmadığını deyərək cinayətkarların tapılıb cəzalandırılacağını vəd edib. Buna qədər gördüyümüz pis nümunələr nazirin vədinə nikbin yanaşmağa imkan verməsə də, cinayəti törədənlərin tapılıb məsuliyyətə cəlb edilməsini gözləyirik. Əks təqdirdə törədilən cinayətin arxasında siyasi hakimiyyətin dayandığı, bundan əvvəlki analoji hadisələrə münasibətdə olduğu kimi, səssizcə etiraf edilmiş olacaq.
Biz ölkənin siyasi rəhbərliyini opponentlərinə və tənqidçilərinə qarşı fiziki zorakılıq və işgəncə kimi antiinsani əməlləri durdurmağa çağırırıq. Bu əməllərin arxasında siyasi hakimiyyət və rəsmi strukturlar dayanmırsa, onda cinayətləri törədənlərin nəyə görə tapılıb məsuliyyətə cəlb edilmədiyi sualına cavab verilməlidir. Ümumi sözlərlə və hadisələri zamanın axarında unutdurmağa çalışmaqla xalqı aldatmaq çıxış yolu deyil. Azərbaycan hakimiyyəti dəyişən dünyanın çağırışlarını düzgün qavramalı, ölkədə gerçək müxalifətin və vətəndaş cəmiyyətinin, müstəqil medianın mövcudluğu ilə barışmalı, fundamental hüquq və azadlıqlara hörmətlə yanaşmalı, zorakılığı və repressiyanı bir siyasi alət kimi görməkdən birdəfəlik imtina etməlidir”.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Aprelin 23-də məlumat yayan Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-i saat 23 radələrində Bakıda, “Kaspian Plaza” yaxınlığında qara maskalı şəxslər üstünə hücum çəkib, maşına basıb, başına qara torba keçirib aparıblar. Əllərinin, gözlərinin bağlandığını, qulağına qulaqlıq taxıldığını qeyd edən fəal sonra düşürülüb başqa maşına mindirildiyini, qaranlıq yerə aparıldığını vurğulayıb: “Gözlərimi açanda bir mənzilin hamamında olduğumu bildim. Tələb etdilər ki, “Facebook” şəbəkəsində daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postları kimin tapşırığı ilə yazdığımı deyim. Heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və hökumətə bağlı fəal Fuad Muradovla bağlı postlarımı silim. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə hədələdilər”.
Bəxtiyar Hacıyev əlavə edib ki, sonra yenə gözlərini bağlayıb naməlum yerə aparıblar, qolları arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər: “Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış evi yox idi. Bir müddət sonra əraziyə yük maşını gəldi. Sürücü məni yol kənarına qədər gətirdi, ərazinin Ramana qəsəbəsi olduğunu dedi, sonra taksi ilə şəhərə qayıtdım”.
Aprelin 22-də fəalı daxili işlər nazirinin müavini İsmət Əliyev qəbul edərək dinləyib, aprelin 23-də isə Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovla görüşüb, ona müvafiq araşdırma aparılacağı vəd olunub.
Aprelin 25-də yayılan xəbərə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bəxtiyar Hacıyevin işgəncəyə məruz qalmasına görə cinayət işi qaldırıb. Olay Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə araşdırılır.