Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin üzvü, 16 saylı Yasamal dairəsindən deputat Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27 aprel iclasında çıxış edib.
Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya dəstək qətnaməsinin qəbul edildiyi iclasda sənədin lehinə səs verən Erkin Qədirli çıxışında Ukrayna ərazisində bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri törədildiyini vurğulayıb: “Ukraynanın Buça, İrpen şəhərlərindən və digər yaşayış məntəqələrindən gələn xəbərlər bu cinayətlərin bəzisinin soyqırımı xarakterli olduğuna inanmağa əsas verir. Ancaq bütün bunlardan əlavə xüsusi diqqətə layiq olan bir cinayət də var. Bu, təcavüz cinayətidir.
Beynəlxalq cinayətlər iki kateqoriyaya bölünür – beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlər.
Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və sair. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir.
Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn bir hüquqi fenomen kimi kökündən inkarına əsaslanır.
Bir var kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur, biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır.
Rus dilində “безнаказанность” sözü var. İngilis dilinə “impunity” (cəzasızlıq) kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir.
Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır.
Rus dilindəki “безнаказанность” sözü isə hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda, hətta ictimai rəydə.
Buna görə də biz rus siyasətçilərdən tez-tez “Varşavanı bombalayacağıq”, “tanklarımız yenidən Praqada olacaq”, “Berlin bizə yalvaracaq”, “Baltik ölkələri saxtadır”, “Ukrayna heç vaxt mövcud olmayıb” sözlərini eşidirik.
Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatı Mixail Delyagin daha da irəliyə gedərək “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta “istifadə etməlidir” deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir.
Belə sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik”.
1972-ci ildə doğulan Erkin Qədirli hüquqşünasdır. 2020-ci ildən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunur.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.
Mart ayında rus qoşunları Ukrayna xalqının və ordusunun müqaviməti qarşısında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkiləndən sonra azad edilmiş yaşayış yerlərində, xüsusilə Buça, İrpen şəhərlərində dinc ukraynalıların kütləvi surətdə qətlə yetirildiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.