ABŞ-ın CNN kanalının internet səhifəsində getdikcə daha çox əcnəbi sərmayəçinin Çinə kapital yatırmaqdan imtina etdiyi barədə yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, siyasi risklər və biznes riskləri, habelə başqa ölkələrdə uçot dərəcələrinin artması sərmayəçilərin Çinə marağını azaltmaqdadır.
Çin dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkədir.
CNN-in internet səhifəsində yerləşdirilmiş yazıda Beynəlxalq Maliyyə İnstitutuna istinadla bildirilir ki, bu ilin mart ayında Çinə yatırılan sərmayənin həcmi əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşərək 17,5 milyard dollar təşkil edib.
Son aylar istiqraz bazarında əcnəbi sərmayəçilərin sayının xeyli azaldığını Çin hökumətinin hesabatları da göstərir.
Çinin Klirinq Xidməti-Milli Depozit Mərkəzinin məlumatına görə, fevral ayında əcnəbi sərmayəçilər Çindəki 35 milyard yuanlıq (5,5 milyard dollar) dövlət istiqrazlarına vida deyiblər. Əvvəlki ayların heç birində bu qədər azalma olmayıb. Martda isə geriləmə daha yüksək səviyyəyə çatıb, əcnəbi sərmayəçilər 52 milyard yuanlıq (8,1 milyard dollar) dövlət istiqrazları ilə üzülüşüblər.
Oksford Universitetinin Çin ofisinin əməkdaşı, iqtisadçı Corc Maqnusun sözlərinə görə, sərmayə yatıranların Çini tərk etməsində katalizator rolunu Rusiyanın Ukraynaya hərbi təcavüzünə Pekinin verdiyi dəstək oynayıb.
CNN-in materialında xatırladılır ki, Ukraynaya hücumdan bir neçə gün qabaq – fevral ayında Pekinlə Moskva dostluqlarının hüdudsuz olduğunu bəyan etmişdi. İndi Rusiya iqtisadiyyatı beynəlxalq miqyasda sərt sanksiyalara məruz qalıb. Çin də sanksiyalarla üzləşə biləcəyindən ehtiyatlandığına görə şimal qonşusuna açıq yardım göstərməyə tələsmir. Ancaq Çin Rusiyanın Ukraynaya hücumunu pisləməkdən də boyun qaçırır, özünü neytral oyunçu kimi qələmə vermək, məsuliyyəti ABŞ-ın üzərinə atmaq istəyir.
Rusiyanın Ukraynaya hücumu bir gün Çinin də Tayvana hücuma keçəcəyi ehtimalını doğurub. O halda isə bölgədən kapital kütləvi şəkildə çıxarıla bilər. Belə bir riskli vəziyyət bəzi investorları indidən narahat edir.
CNN vurğulayır ki, sərmayəçilərin Çindən qaçmağa başlaması yalnız geosiyasi gərginliklə bağlı deyil. ABŞ-da uçot dərəcəsinin yüksəlməsi və Çində koronavirus pandemiyası ilə bağlı sərt qadağaların mövcudluğu da sərmayəçiləri qaçaq salan amillərdəndir.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi inflyasiyanın qarşısını almaq üçün 2018-ci ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb. Çin Xalq Bankı isə zəifləyən iqtisadiyyata dəstək vermək üçün liberallaşmaya getməkdədir. Ona görə ABŞ-la müqayisədə Çin sərmayəçilər üçün o qədər də cəlbedici görünmür.
Mart ayında Çin iqtisadiyyatının xeyli zəiflədiyinə diqqət çəkən CNN həmin ay ölkədə istehlakın bir ildən çox müddətdə ilk dəfə azaldığını, 31 iri şəhərdə işsizliyin artdığını qeyd edir. Şanxayda və digər böyük şəhərlərdə daha sərt qapanmaların iqtisadiyyata ağır zərbə vurduğu bildirilir.
Bəzi iqtisadçılar hətta yaxın aylarda Çin iqtisadiyyatının çökəcəyini proqnozlaşdırırlar.
Bir sıra investisiya bankları artıq Çin üçün illik artım gözləntisini aşağı salıb. Beynəlxalq Valyuta Fondu Pekinin COVİD-lə mübarizə kampaniyasında sərt tədbirlərin doğurduğu iqtisadi riskləri əsas gətirərək Çin üçün artım proqnozunu 4,8%-dən 4,4%-ə endirib. Bu göstərici Çinin 5,5%-lik rəsmi proqnozundan xeyli aşağıdır.
Mənbə: CNN.com