Aprelin 27-si mərhum siyasətçi Gözəl Bayramlının doğum günüdür. AXCP funksioneri Fuad Qəhrəmanlı onu belə anır: “Zaman gələcək, bu mübariz şəxsiyyəti təkcə tarix səhifələrindən deyil, bədii əsərlərin, filmlərin qəhrəmanı kimi də tanıyacaqlar. Gözəl xanımın 30 illik təlatümlü yolu onun adını, şəxsiyyətini mübarizə ilə simvollasdırmışdı.
Şərin qarşısında dik duruşu, azadlığa qəti inamı bu dəyanətli xanımı nümunəyə çevirmişdi. Gözəl xanım kimi ola bilmək mübarizə insanları üçün mənəvi etalon sayılırdı.
O, dəmir xarakteri ilə şər rejimi üzərində mənəvi qələbə qazandı və zorakılığın onun şəxsiyyəti qarşısında nə qədər aciz olduğunu göstərdi.
Onun sərt baxışı vardı: ya haqqın yanındasan, ya da şərin sırasında, miyanəliyə, ortada durmağa, mövqesizliyə nifrət edirdi.
Həssas və etibarlı dost idi. Vəfası və dürüstlüyü hər zaman bizlərə güvən qaynağı olmuşdu.
Sən xatirələrimizdə hər gün varsan, hər zaman sevgi və rəğbətlə xatırlanan əziz dost! Gün gələcək, uğrunda həyatını fəda etdiyin idealların, hədəflərin gerçəkləşəcək”.
Novator.az bildirir ki, 1962-ci il aprelin 27-də doğulan Gözəl Bayramlı milli azadlıq hərəkatının (1988-1991) fəalı kimi tanınıb, AXCP-nin ümumi şöbəsinin müdiri postunu tutub, AXCP sədrinin müavini, Ali Məclisin Rəyasət Heyətinin üzvü olub.
Gözəl Bayramlı 2011-ci il aprelin 17-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə 5 sutka inzibati həbs cəzasına məhkum edilib.
2017-ci il mayın 25-də o, yenidən tutulub. Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda həbs olunan Gözəl Bayramlı qaçaqmalçılıqda təqsirli bilinərək Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il noyabrın 14-də Ali Məhkəmə qaçaqmalçılıq ittihamını qaçaqmalçılığa cəhd ittihamı ilə əvəz edərək cəza müddətini iki ay azaldıb. Gözəl Bayramlı dövlət başçısının 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
İstər 2011-ci, istərsə də 2017-ci ildəki həbsləri Gözəl Bayramlı siyasi sifariş kimi qiymətləndirib, rəsmi ittihamları qəbul etməyib.
Gözəl Bayramlı 2020-ci il oktyabrın 7-də xəstəlikdən vəfat edib.