Müxalif qurumlar ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin işgəncəyə məruz qalmasını pisləyib. Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında qeyd olunur ki, Bəxtiyar Hacıyev uzun zamandır rejimin mənəvi-fiziki təzyiqi ilə üz-üzədir: “O, ən ağır formalarda mənəvi terrora, hüquq mühafizə orqanlarının təhdid və təzyiqlərinə, hətta Bakı Şəhər Baş Polis İdarəsində fiziki zorakılığa məruz qalıb. Bütün bunlar Bəxtiyar Hacıyevin fəal vətəndaş mövqeyində duraraq hakimiyyətin xalqa zidd fəaliyyətini davamlı və sistemli şəkildə tənqid etməsinə görədir və rejimin öz tənqidçilərinə, prinsipial müxalif qüvvələrə qarşı yürütdüyü repressiya siyasətinin tərkib hissəsidir”.
Bəyanatda başqa təzyiq faktlarına da toxunulur, bildirilir ki, Milli Şura Azərbaycanın demokratiyaya qovuşması uğrunda apardığı mübarizədən geri çəkilməyəcək.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Xeyli vaxtdır fəal davamlı təzyiqlərdən şikayətlənir, bildirir ki, dövlət qurumları səviyyəsində himayə olunan mənəvi terror, qaralama, böhtan, hədə-qorxu, təxribat cəhdləri ilə üz-üzədir, bununla bağlı rəsmi müraciətləri nəticəsiz qalır.
Aprelin 23-də Bəxtiyar Hacıyev işgəncəyə məruz qaldığını bəyan edib. O bildirib ki, aprelin 21-i saat 23 radələrində Bakıda, “Kaspian Plaza” yaxınlığında qara maskalı şəxslər üstünə hücum çəkib, maşına basıb, başına qara torba keçirib aparıblar. Əllərinin, gözlərinin bağlandığını, qulağına qulaqlıq taxıldığını qeyd edən fəal sonra düşürülüb başqa maşına mindirildiyini, qaranlıq yerə aparıldığını vurğulayıb: “Gözlərimi açanda bir mənzilin hamamında olduğumu bildim. Tələb etdilər ki, “Facebook” şəbəkəsində daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postları kimin tapşırığı ilə yazdığımı deyim. Heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və hökumətə bağlı fəal Fuad Muradovla bağlı postlarımı silim. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə hədələdilər”.
Bəxtiyar Hacıyev əlavə edib ki, sonra yenə gözlərini bağlayıb naməlum yerə aparıblar, qolları arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər: “Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış evi yox idi. Bir müddət sonra əraziyə yük maşını gəldi. Sürücü məni yol kənarına qədər gətirdi, ərazinin Ramana qəsəbəsi olduğunu dedi, sonra taksi ilə şəhərə qayıtdım”.
Aprelin 22-də fəalı daxili işlər nazirinin müavini İsmət Əliyev qəbul edərək dinləyib. Aprelin 23-də isə Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovla görüşüb, ona müvafiq araşdırma aparılacağı vəd olunub.
Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının bəyanatında Bəxtiyar Hacıyevə işgəncə qınanır və cinayəti törədənlərin dərhal tapılıb cəzalandırılması tələb olunur.
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Bəxtiyar Hacıyevin oğurlanaraq işgəncəyə məruz qalması adi cinayət hadisəsi deyil: “Bu, ictimai-siyasi fəaliyyətinə görə ona qarşı uzun müddət, davamlı olaraq aparılan təqib və təzyiq kampaniyasının tərkib hissəsidir. Bəxtiyar Hacıyevə və digər siyasi fəallara qarşı təqib kampaniyalarına son qoyulmalı, bu ağır cinayəti törədənlər dərhal tapılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir”.