Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin işgəncəyə məruz qalmasına görə cinayət işi qaldırıb. Xəbəri aprelin 25-də “Turan” yayıb. Olay Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə araşdırılır.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Aprelin 23-də məlumat yayan Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-i saat 23 radələrində Bakıda, “Kaspian Plaza” yaxınlığında qara maskalı şəxslər üstünə hücum çəkib, maşına basıb, başına qara torba keçirib aparıblar. Əllərinin, gözlərinin bağlandığını, qulağına qulaqlıq taxıldığını qeyd edən fəal sonra düşürülüb başqa maşına mindirildiyini, qaranlıq yerə aparıldığını vurğulayıb: “Gözlərimi açanda bir mənzilin hamamında olduğumu bildim. Tələb etdilər ki, “Facebook” şəbəkəsində daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postları kimin tapşırığı ilə yazdığımı deyim. Heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və hökumətə bağlı fəal Fuad Muradovla bağlı postlarımı silim. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə hədələdilər”.
Bəxtiyar Hacıyev əlavə edib ki, sonra yenə gözlərini bağlayıb naməlum yerə aparıblar, qolları arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər: “Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış evi yox idi. Bir müddət sonra əraziyə yük maşını gəldi. Sürücü məni yol kənarına qədər gətirdi, ərazinin Ramana qəsəbəsi olduğunu dedi, sonra taksi ilə şəhərə qayıtdım”.
Aprelin 22-də fəalı daxili işlər nazirinin müavini İsmət Əliyev qəbul edərək dinləmiş, aprelin 23-də isə Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovla görüşmüş, ona müvafiq araşdırma aparılacağı vəd olunmuşdu.