İctimai fəal Bəxtiyar Hacıyev işgəncəyə məruz qaldığını bəyan edib. O bildirir ki, aprelin 21-i saat 23 radələrində Bakıda, “Kaspian Plaza” yaxınlığında qara maskalı şəxslər üstünə hücum çəkib, maşına basıb, başına qara torba keçirib aparıblar. Əllərinin, gözlərinin bağlandığını, qulağına qulaqlıq taxıldığını qeyd edən fəal sonra düşürülüb başqa maşına mindirildiyini, qaranlıq yerə aparıldığını vurğulayır: “Gözlərimi açanda bir mənzilin hamamında olduğumu bildim. Tələb etdilər ki, “Facebook” şəbəkəsində daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postları kimin tapşırığı ilə yazdığımı deyim. Heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və hökumətə bağlı fəal Fuad Muradovla bağlı postlarımı silim. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə hədələdilər”.
Bəxtiyar Hacıyev əlavə edir ki, sonra yenə gözlərini bağlayıb naməlum yerə aparıblar, qolları arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər: “Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış evi yox idi. Bir müddət sonra əraziyə yük maşını gəldi. Sürücü məni yol kənarına qədər gətirdi, ərazinin Ramana qəsəbəsi olduğunu dedi, sonra taksi ilə şəhərə qayıtdım”.
“Turan”ın məlumatına görə, aprelin 22-də fəalı daxili işlər nazirinin müavini İsmət Əliyev qəbul edərək dinləyib. Aprelin 23-də isə Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovla görüşüb, ona müvafiq araşdırma aparılacağı vəd olunub.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Xeyli vaxtdır fəal davamlı təzyiqlərdən şikayətlənir, bildirir ki, dövlət qurumları səviyyəsində himayə olunan mənəvi terror, qaralama, böhtan, hədə-qorxu, təxribat cəhdləri ilə üz-üzədir, bununla bağlı rəsmi müraciətləri nəticəsiz qalıb. İctimai fəal şəxsiyyəti bəlli və anonim şəxslərin aramsız hədələri və təhqirlərinin onu cana yığdığını vurğulayır.