Azərbaycan qanunvericiliyi siyasi partiyaların hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməsini nəzərdə tutur. Novator.az aprelin 22-nə olan rəsmi sənədlərə əsaslanıb bildirir ki, dövlət qeydiyyatındakı 58 partiyanın 10-u 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməyib: Dirçəliş və Tərəqqi Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Dövlətçilik Partiyası, Vətənpərvərlər Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vahid Kommunist Partiyası, Sosial Ədalət Partiyası, Azadlıq Partiyası, Yüksəliş Partiyası, Haqq-Ədalət Partiyası.
Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır.
69 deputatı olan Yeni Azərbaycan Partiyası hesabatında gəlirlərini 13,1 milyon manat göstərir. Rəsmi sənədə görə, bu məbləğin 1,8 milyon manatı dövlət büdcəsindən köçürülüb, 11 milyon 26,2 min manatı üzvlük haqqından, 219,2 min manatı əmlakdan, 22,5 min manatı başqa gəlirlərdən formalaşıb, partiya 10,6 milyon manat xərc çəkib.
3 deputatlı Vətəndaş Həmrəyliyi Partiyasının hesabatına görə, qurum dövlət büdcəsindən 256 min 14,7 manat əldə edib. Xərclər 276,5 min manat göstərilir.
1 deputatlı Demokratik İslahatlar Partiyasının hesabatında dövlət büdcəsindən 206,2 min manat vəsait alındığı qeyd edilir. Sənədə görə, partiyanın 209,5 min manat xərci çıxıb.
1 deputatlı Demokratik Maarifçilik Partiyasının hesabatında dövlət büdcəsindən quruma 206,2 min manat ayrıldığı qeyd edilir, xərclər 202,7 min manat göstərilir.
1 deputatlı Böyük Quruluş Partiyasının hesabatına görə, dövlət büdcəsindən 206,2 min manat alınıb, üzvlük haqqı üzrə 115 manat gəlir olub, 195,8 min manat xərclənib.
1 deputatlı Ana Vətən Partiyası dövlət büdcəsindən 206,2 min manat aldığını, 203,9 min manat xərc çəkdiyini bəyan edib.
1 deputatlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatına görə, dövlət büdcəsindən quruma 206,2 min manat köçürülüb, bir o qədər də xərc çıxıb.
1 deputatlı Milli Cəbhə Partiyası bildirib ki, dövlət büdcəsindən 206,2 min manat alıb, həmin vəsaiti xərcləyib.
1 deputatlı Respublikaçı Alternativ Partiyasının hesabatına görə, dövlət büdcəsindən 206,2 min manat alınıb, quruma 45 manat ianə gəlib, 179,3 min manat xərc çəkilib.
1 deputatlı Vəhdət Partiyası qeyd edir ki, dövlət büdcəsindən 206,2 min manat alıb, həmin vəsaiti xərcləyib.
1 deputatlı Vətəndaş Birliyi Partiyası dövlət büdcəsindən vəsait almaq istəməyib, qurumun hər hansı başqa gəliri və xərci olmayıb.
Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Qorqud Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası, Sosial Demokrat Partiyası, Birlik Partiyası, Təkamül Partiyası, Kommunist Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Liberal Demokrat Partiyası, Yeni Zaman Partiyası, Milli Demokrat İdrak Partiyası, Azad Respublikaçılar Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Demokrat Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Demokrat Partiyası, Azad Demokratlar Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyasının hesabatlarında hər hansı gəlir və xərclərinin olmadığı qeyd edilir.
Ədalət Partiyasının hesabatında 1463,9 manat ianə əldə edildiyi, həmin vəsaitin sərf olunduğu bildirilir.
Xalq Partiyasının hesabatında qeyd olunur ki, qurum 660 manat ianə alıb, həmin vəsait xərclənib.
Vətəndaş və İnkişaf Partiyasının hesabatında 200 manat ianə əldə olunub sərf edildiyi yer alır.
Müstəqil Xalq Partiyasının hesabatına əsasən, hər hansı gəlir olmayıb, 590 manat xərclənib.
Müsavat Partiyasının hesabatına görə, üzvlük haqqı üzrə 4300 manat əldə edilib, quruma 800 manat ianə gəlib, 5085 manat xərc çəkilib.
Ümid Partiyası gəliri olmadığını, 206,2 manat xərclədiyini bəyan edib.
Milli İstiqlal Partiyasının hesabatına görə, qurum üzvlük haqqı üzrə 2380 manat gəlir əldə edib, 2515,2 manat xərc çəkib.
Aydınlar Partiyası gəlir əldə etmədiyini, 420,7 manat xərci çıxdığını açıqlayıb.
Sosial Rifah Partiyasının hesabatına əsasən, qurum gəlir əldə etməyib, 2201,9 manat xərc çəkib.
Ağ Partiya hesabatında bildirir ki, 1560 manat ianə əldə edib, həmin vəsaiti xərcləyib.