UEFA-nın klub turnirləri finallara yön alıb. Çempionlar Liqasında yarımfinal 26 aprel-4 maya, final 28 maya (Paris), Avropa Liqasında yarımfinal 28 aprel-5 maya, final 18 maya (Sevilya), Konfrans Liqasında yarımfinal 28 aprel-5 maya, final 25 maya (Tirana) təyin olunub.
2021-2022 mövsümündə klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılıb. Novator.az bildirir ki, mübarizəni 7 ölkənin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland, Şotlandiya) 12 komandası davam etdirir: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 4 komanda qalır.
Çempionlar Liqasındakı komandaların 2-si titul sahibidir. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adı daşımış turniri “Real” 13, “Liverpul” 6 dəfə zirvədə tamamlayıb.
Avropa Liqasındakı komandalardan yalnız 1-nin titulu var. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə “Ayntraxt” (Frankfurt) 1 uğur qazanıb.
Konfrans Liqası bu mövsümdən keçirilir.
UEFA-nın klub reytinqinə İngiltərə başçılıq edir. İlk beşlikdə İspaniya, İtaliya, Almaniya, Fransa da var.
Reytinq turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.