Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin işi üzrə ikinci prosesi bitirib. Novator.az-ın məlumatına görə, siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılmış, fevralın 14-də Bakı Apellyasiya Məhkəməsi bu cəzanı qüvvədə saxlamışdı.
15 aprel hökmü kapitan Ramin Ədilovun şikayəti əsasında oxunub, cəzaların toplanması üsulu tətbiq edilib. Yekun cəza 2022-ci il iyulun 13-də bitir.
2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.
Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.