ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiya hərbçiləri niyə Ukraynada maskalanmaq üçün ağac budaqlarından istifadə edir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin hərbi məsələlər üzrə müxbiri Aleks Hortondur. Müəllif vaxtilə ABŞ ordusunun tərkibində İraqda hərbi xidmət keçib. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Ukraynadakı Rusiya qoşunları yerlərini bəlli etməmək, hücuma məruz qalmamaq, bir sözlə, özlərini gizlətmək üçün tankların, digər zirehli texnikaların üstünü ağac budaqları, saman çöpləri, hətta xalça-palazla örtür. Belə qabaqcıl ordunun bu cür üsullarla maskalanması analitikləri təəccübləndirir. Bu həm də bir sıra komandirlərin ağır döyüşlərə nə qədər hazırlıqsız olduğundan xəbər verir.
Kamuflyaj (istər şəxsi heyət, istərsə də texnika üçün) hərbi əməliyyatın fundamental əsaslarından biridir. Pilotsuz uçuş aparatları, peyk görüntüləri, infraqırmızı nişanalma kimi yeni texnoloji üsullar çağdaş müharibələrdə maskalanmanı çətinləşdirsə də, kamuflyaj öz aktuallığını qoruyub saxlayır. Çünki o, formanı təhrif edə, infraqırmızı şüalarla təsvir əldə etməyi zəiflədə, gözü aldada, hədəfi vurmaq istəyən şəxsdə şübhə yarada, hədəfə tuşlanmış raketi yayındıra bilər.
Ancaq Ukraynadakı münaqişəni diqqətlə izləyən müşahidəçilərin əksərinin fikrincə, rus həbçiləri bu məsələdə çox qeyri-peşakarcasına, lap həvəskar döyüşçülər kimi davranır. Müşahidəçilər bunu deyəndə sosial mediada yayılan görüntüləri sübut gətirirlər.
Həmin görüntülərin birində atışma zamanı dağılıb qalmış zirehli texnikaların arasında şam ağacının budağına oxşar yamaqlı yorğana bürünüb gizlənməyə çalşan rus əsgərinin ələ keçməsi əks olunur.
ABŞ ordusunun zirehli texnika üzrə istefada olan mütəxəssisi, İraq və Əfqanıstanda qulluq etmiş Mayk Ceyson bu mənzərəni çarəsizliyin aşkar əlaməti kimi qiymətləndirir.
Mayk Ceyson qeyd edir ki, ABŞ-ın hərbi-taktiki prosedur qaydalarına əsasən, istənilən hərbi texnika, hətta qısa müdətə yerində dayananda da, yüngül kamuflyaj torları ilə örtülməlidir.
Müşahidələrə əsasən, Ukrayna ordusu zirehli maşınların korpuslarının formasını təhrif edib rəqibi yanıltmaq üçün torlardan və yarpaqlardan istifadə edir.
Mayk Ceyson deyir ki, heç nədən istifadə etməməkdənsə, əlbəttə, şam ağacının budaqlarından yararlanmaq daha yaxşıdır: “Amma belə görünür ki, döyüşə cəlb olunan bölmələrin ya kamuflyajdan istifadə haqda bilgisi, ya da bunu tətbiq etmək üçün lazımi vasitələri yoxdur”.
Ukraynada çəkilən bəzi görüntülərdə üstünə saman otu səpilmiş zirehli texnika görmək mümkündür. Yəqin bunu ona görə belə ediblər ki, uzaqdan baxanda zirehli maşın mal-qara saxlanan həyətə oxşasın.
Sosial şəbəkələrdə yerləşdirilmiş bir videoda isə rus əsgərlərinin hərbi maşının üstünü xalça-palazla, digər qalın parçalarla örtdüyü əks olunub.
Mayk Ceysonun fikrincə, burada məqsəd ABŞ-ın Ukraynaya verdiyi tank əleyhinə “Javelin” raketləri kimi silahları hədəfdən yayındırmaq ola bilər. Ceyson qeyd edir ki, düzdür, təcrübəli döyüşçü istər-istəməz obyekti durbinlə də yoxlayacaq, amma istənilən halda onun örtülməsi həm konturlarıı dəyişdiyindən, həm də raketin istilik ölçən cihazına maneə törətdiyindən obyektin hərbi, yoxsa mülki maşın olduğunu müəyyənləşdirməkdə çətinlik yarada bilər.
ABŞ ordusunun İraq və Əfqanıstanda müharibələr zamanı zirehli texnikanın maskalanmasını çox vaxt gecikdirdiyi bəllidir. Mayk Ceysonun sözlərinə görə, sonradan amerikalılar bunun yanlış olduğunu anlayıblar, o səbəbdən yeni hərbi təlimlərdə kamuflyajın – maskalanma torlarının zəruriliyinə dair köhnə metodlar aşılanır.
Torlar və digər parçalar maskalanmaya yardım göstərə, yarpaqlardan istifadə isə rəqibin hücumuna vaxtında reaksiya verilməsi baxımından şəxsi heyətə çox qiymətli anlar bəxş edə bilər.
Ancaq Mayk Ceyson deyir ki, dronlar və peyk görüntüləri əsrində maskalanmanın effekti məhdudlaşıb, indi maskalanma daha çox gözü aldada bilir.
Rusiya Ukraynaya hücuma keçəndən bəri analitiklər Moskvanın bir sıra taktiki səhvlərə yol verdiyini vurğulayırlar. Əsas səhvlər sırasında Rusiya prezidenti Vladimir Putinin və onun tabeliyindəki hərbi komandanlığın Ukraynanın güclü müqavimətini qabaqcadan nəzərə almaması göstərilir. Analitiklərin dedikləri ABŞ və Avropa rəsmilərinin söylədikləri ilə üst-üstə düşür. Rusiyanın maskalanma torlarından istifadə etməməsi bu səhvlər sırasında bəlkə də sonuncusudur.
Qərb müşahidəçilərini daha çox təəccübləndirən səhvlərdən biri rus hərbçilərinin təhlükəsizliyi qorunmayan rabitə vasitələrindən, mobil telefonlardan istifadə etməyə meyilli olmasıdır. Ukrayna kəşfiyyatı belə vasitələrlə ötürülən məlumatları ələ keçirə bilir.
Müharibənin başında duranlar öz qoşunlarını kifayət qədər yanacaq və ərzaqla da təmin edə bilməyiblər, nəticədə Rusiya döyüşçüləri hərbi texnikanı yarı yolda buraxmaq, bəzi hallarda isə təslim olmaq məcburiyyətində qalıblar.
Hərbi ekspertləri heyrətləndirən daha bir məqam: onlar deyirlər ki, əslində Rusiya hərbi birləşmələri öz texnikalarını maskalamağa qadirdir. Analitiklər rusların hərbi təlimlərdə bunu lazımi qaydada etdiyini söyləyirlər. Bildirirlər ki, hələ 2018-ci ildə Rusiyanın dövlət mediası ətraf mühitdən seçilməyən modern hərbi kamuflyaj prototiplərini nümayiş etdirib.
ABŞ-ın Xarici Siyasət Tədqiqatları İnstitutunun baş elmi işçisi Rob Li düşünür ki, Rusiyanın Ukraynada apardığı müharibədə kamuflyajdan pərakəndə şəkildə istifadə edilməsinin kökündə komandirlərin döyüşə kifayət qədər hazırlıqlı olmaması, əsgərlərə lazımi təlimatları verməməsi, yaxud onların Ukrayna əməliyyatının çox asan keçəcəyinə, Ukrayna hökumətinin tez bir zamanda çökəcəyinə inanması dura bilər.
Rob Linin fikrincə, Türkiyənin ukraynalılara verdiyi pilotsuz uçuş aparatları Rusiya hərbi bölmələrini aşkarlayıb artilleriya və hava zərbələri endirmək imkanı yaratdığından, ola bilsin, ruslar avtomobilləri kol-kosla örtmək, yaxud onları yolun qırağına çəkib ağacların arasında gizlətmək kimi tədbirlərə vadar olub. İstənilən halda ekspert Rusiyanın bu məsələdə tutarlı bir izahı olmadığını da vurğulayır.
Mənbə: Washingtonpost.com