2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan 12 aprel müşavirəsində çıxış edən prezident İlham Əliyev ATƏT-in Minsk qrupundan söz açıb. O, 2020-ci ilin Vətən müharibəsindən dərhal sonra Minsk qrupu həmsədrlərinin Bakıya gəldiyini xatırladıb: “Bu, Azərbaycana müharibədən sonra birinci və sonuncu səfərləri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər ediblər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.
Müharibədən keçən dövr ərzində – son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşüb və biz deyirdik ki, siz bizə deyin görək nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz.
ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat qəbulediləndir”.
Novator.az bildirir ki, Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamaq adı ilə yaradılıb.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və bölgənin ətrafındakı yeddi rayonu işğal edib.
1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında ATƏT həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1995-ci il yanvarın 6-dan ATƏT-in Minsk qrupuna Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson həmsədrlik ediblər. Bir müddətdən sonra Yan Eliassonun yerinə finlandiyalı Rine Niberq keçib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.
1997-ci ildən sonra Minsk qrupunda Rusiyadan Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov, İqor Popov; Fransadan Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo; ABŞ-dan Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland həmsədr olublar.
Hazırda Rusiyadan İqor Xovayev, Fransadan Bris Rokfey, ABŞ-dan Endrü Skofer həmsədrlik edir.
Minsk qrupunda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alır.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.
Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarında regionda iqtisadi əlaqələrin, nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi müzakirə olunur.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.