Prezident İlham Əliyev aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı çıxışında iqtisadi göstəricilərin çox müsbət olduğunu vurğulayıb: “Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma hər halda dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb.
Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır.
Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkədə buna oxşar statistika olsun.
Xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olub. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Dövlət şirkətləri vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq.
Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaq.
Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik”.