Fransada prezident seçkisinin ilk turu iki namizədi önə çıxardı. 12 namizədin yarışdığı 10 aprel səsverməsində dövlət başçısı Emmanuel Makron 27,8%, Milli Birlik Partiyasının lideri Marin Le Pen 23,1% dəstək aldı. Onlar mübarizəni aprelin 24-nə təyin olunan ikinci turda davam etdirəcək.
Seçki yarışından ayrılmış şəxslər ikinci turda kimi dəstəkləyir?
Novator.az bildirir ki, ilk turda Fəthedilməz Fransa Partiyasının namizədi olmuş Jan-Lük Melanşon, Respublikaçılar Partiyasının namizədi olmuş Valeri Pekres, Yaşıllar Partiyasının namizədi olmuş Yannik Jado, Kommunist Partiyasının namizədi olmuş Fabyen Russel, Sosialist Partiyasının namizədi olmuş Ann İdalqo tərəfdarlarını ikinci turda Emmanuel Makrona səs verməyə çağırıb.
İfrat millətçilərin namizədi olmuş Erik Zemmur Marin Le Penə dəstək ifadə edib.
“Müqavimət Göstərək!” Partiyasının namizədi olmuş Jan Vassal, “Qalx, Fransa!” Partiyasının namizədi olmuş Nikola Düpon-Enyan, Yeni Antikapitalist Partiyasının namizədi olmuş Filipp Putu, Fəhlə Mübarizəsi Partiyasının namizədi olmuş Natali Arto hələ mövqe bildirməyiblər.
Son rəy sorğularına görə, ikinci turda Emmanuel Makron 54%, Marin Le Pen 46% səs toplaya bilər.
1977-ci il təvəllüdlü Emmanuel Makron 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub. 2016-cı ildə “İrəli, respublika!” hərəkatını yaradıb, 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.
1968-ci il təvəllüdlü Marin Le Pen 1986-cı ildə atası Jan-Mari Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyasına qoşulub. 2011-ci ildə təşkilatın sədri seçilib. 2018-ci ildən qurum Milli Birlik Partiyası adlanır. Marin Le Pen parlamentin aşağı palatasının üzvüdür.